Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi

Yanvarın 19-u axşam işə gəlirdim... - 20 Yanvar şahidi

Azərbaycanın şanlı və qanlı tarixi olan 20 Yanvar faciəsi yaddaşımda silinməz iz buraxıb.

SHOWNEWS.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında 90-cı ilin 20 Yanvar gecəsi iş yerində olan, Bakı Metropoliteni İdarəsinin (indiki "Bakı Metropoliteni" QSC) maşinisti Vilayət Əsgərov deyib.

O bildirir ki, həmin gecəni səhərə qədər metroda sərnişin daşıyıb:

"Yanvarın 19-u axşam saat 16 radələrində işə gəlirdim. "28 may" stansiyasının qarşısında əhali toplaşmışdı, hamı Azadlıq meydanına axışır, küçələrə çıxırdı. Mən metroda işimə başladım. Həmin gün sərnişin sayı xeyli artmışdı.

Axşam saat 22:00 radələrində məlumat gəldi ki, "XI Qızıl Ordu" (indiki "20 Yanvar") stansiyasının "Şamaxinka" çıxışında əhaliyə atəş açılır. Əhali təşviş içində idi. Gülləbaran edilən əhali qaçıb metro stansiyasında gizlənirdi.

Məlumat gəldi ki, hərbçilər Azərbaycan Televiziyasının blokunu partladıb. Yaralıları qatarlara mindirirdilər ki, xəstəxanaya çatdırsınlar.

İnsanlar qan içərisində yaralıları daşıyırdılar. Bizdən sarğı istəyirdilər. Mən də qatarda olan ilkin tibbi yardım çantamı çıxarıb yaralılara yardım edirdim. Müxtəlif bədən nayihələrindən güllə yarası alanları gətirirdilər qatara.

Sərnişinlər dedilər ki, hərbçilər dinc əhalini atəşə tutur. Mən qatar idarə etdiyim üçün çölə çıxa bilmirdim. Amma vətəndaşlardan məlumatlar alırdıq".

V.Əsgərov deyir ki, gecə saat 12-də metropoliten rəhbərliyindən onlara təklif gəlib: "O vaxt biz gecə saat 00:00-a kimi işləyirdik.

Həmin vaxt artıq metro sərnişin qəbul etmirdi. Rəhbərlikdən məlumat gəldi ki, kim istəsə səhərə qədər işləyə bilər. Yaralıları daşımaq lazım idi.

Səhərə qədər işləmək istəyən ilk şəxs mən oldum. Məndən sonra daha 4 nəfər razı oldu ki, səhərə qədər işləyək.

Bu minvalla səhərə qədər dayanmadan yaralıları və digər sərnişinləri daşıdıq. Qatarlar arasında interval 3-5 dəqiqə olsa da, biz həmin stansiyada 10-15 dəqiqəyə qədər gözləyirdik ki, yaralıları gətirsinlər".

Maşinist deyir ki, həmin gecə iş yoldaşı da şəhid olub:

"İş yoldaşım İlqar Qarayev həmin gecə mənim qatarımla gəldi hadisə yerinə. İndiki "20 Yanvar" stansiyasında mənimlə sağollaşdı, düşdü və bildirdi ki, hadisə yerinə gedir.

Gecə saat 12 olardı hardasa. İlqar sağollaşdı və getdi. Səhər tezdən eşitdik ki, İlqar da şəhid olub. O gecəni heç cür yadımdan çıxara bilmirəm. Azərbaycan əhalisi o vaxt əsl qəhrəmanlıq, birlik nümayiş etdirdi və qanları ilə tarix yazdı".

V.Əsgərov deyir ki, səhər tezdən gördüyü mənzərədən dəhşətə gəlib:

"Hər yer al-qan idi. İnsanlar yenə küçələrə axışır, şəhidlərin dəfninə hazırlaşırdılar. O vaxt mən Kommunist partiyasının üzvü idim.

"Qırmızı bilet" deyilən partiyaya üzvlük biletimi cırıb atdım. Çoxları məni qorxutdu ki, guya məni tutacaqlar, amma mən heç kimə fikir vermədim. O gün mənim yaddaşıma həkk olundu. Hələ də o günləri xatırlayanda o anların təsirindən çıxa bilmirəm".