Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Müəllimlərin intim görüntülərinin yayıldığı Bakı məktəbində nə baş verir? NAZIRLIK ARAŞDIRMA APARIR

Müəllimlərin intim görüntülərinin yayıldığı Bakı məktəbində nə baş verir? NAZIRLIK ARAŞDIRMA APARIR

Suraxanı rayonu 281 saylı məktəbdə müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. İddia edilir ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman videogörüntülərini çəkib. İddia edilir ki, S.H. sevgilisi olan Zalovla əlbir olub X.R.-nı intim videogörüntüləri ilə şantaj edərək pul tələb edib.

İddiaya görə, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıb. Nəhayət, X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı gələn xəbərlər arasındadır.

Bu hadisədən sonra məktəbin direktoru tərəfindən adıçəkilən müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar. Yayılan bu məlumatla bağlı direktor Gülşən Əliyeva açıqlamasında işin Bakı şəhər Baş Polis İdarəsində araşdırıldığını deyib.

Təkrar Gülşən Əliyeva ilə əlaqə saxlayaraq yayılan məlumatlardan sonra məktəb rəhbəri olaraq hansı addımlar atdığını öyrənmək istədik. Təəssüf ki, direktor məktəbdən kənarda olduğundan danışa bilmədik. Zəngimizə cavab verən məktəbin Azərbaycan dili müəllimi Vaqif Əlisoy Publika.az-a bildirdi ki, bu məlumatlar şantaj xarakterlidir:

“Bu məlumat ilk dəfə faktor.az saytında yayımlanıb. Adıçəkilən Səkinə müəllimə redaksiyaya zəng edərək açıqlama vermək istədiyini deyib. Məlumatı yazan müxbir isə müəllimənin onu hədələdiyini deyib. Biz həmin redaksiya ilə də əlaqə saxladıq. Bu məlumatın yalan olduğunu dedik. Bu məktəbdə elə bir hadisə ola bilməz. Bu şantaj xarakterlidir. Ancaq bu məlumatın nə üçün yayıldığını deyə bilmərəm”.

Direktorun xəbərdar olmasına gəldikdə, V.Əlisoy bildirdi ki, direktor Gülşən Əliyevanın şayiələrdən xəbərdar olduğunu deyib:

“Bu şayiədirsə, direktor ona görə müəllimlərə qarşı hansı addım ata bilər?”

Hadisədə adı çəkilən S.H. yayılan məlumatın yalan olduğunu dedi:

“Mənim haqqımda kim, nə üçün belə məlumat yayıb, bilmirəm. Münaqişəli olduğum adam yoxdur. Özümü öldürərəm, çox pis haldayam”.

Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında bu gün səhər saatlarından bir neçə mənbədən ona hadisə barədə müraciət olduğunu dedi:

“Həmin məktəbin əməkdaşları, valideyn olduğunu iddia edən şəxslərdən mənə məlumatlar verilib. Həmin şəxslər iddia edir ki, bu hadisə baş verib. Lakin məktəbdən kənarda olub. Hadisənin məktəbdə və ya məktəbdən kənarda olmasından asılı olmayaraq müəllim hər yerdə nümunəvi olmalıdır. Məlumatı mənə göndərənlər də faktın polis tərəfindən araşdırıldığını deyiblər. Mən də hüquq mühafizə orqanlarının açıqlamasını gözləyirəm. Məlumatı mənə təqdim edən şəxslər bu barədə əllərində hər hansı görüntü olmadığını, sadəcə eşitdiklərini deyiblər. Eşitmə ilə fakt olmur. Bundan başqa, şantaj edən də, şantaja məruz qalanla bağlı olan iddialara qarşı görülməli olan tədbirlər qanunvericilikdə açıq şəkildə göstərilib. Məktəb rəhbərləri bir məsələni unudur ki, bu məlumat yalan olsa belə, araşdırma dövründə iddiada adıçəkilən müəllimləri təhsildən uzaqlaşdırmaq səlahiyyətləri var. Əmək Məcəlləsinin 67, 70 və 72-ci maddələrinə əsasən, cinsi qısnamaya məruz qalma ilə bağlı ittiham varsa, həmin müəllimlə imzalanmış müqaviləyə xitam verilməlidir. Araşdırma hüquqi müstəvidə həllini tapana qədər həmin müəllimlər tədris müəssisəsindən uzaqlaşdırılmalıdır”.

Ekspert hesab edir ki, qısa zamanda aidiyyəti qurumları reaksiya verməlidir:

“Məktəblərdə dərs bölgüsü, repititor kimi uşaq cəlb etmə ilə bağlı məktəblərdə müəllimlər arasında problemlər var. Lakin o müəllimlərin hansı siyasi əhəmiyyətli şəxsdir ki, onlar şantaja, təzyiqə məruz qalsın. Bundan başqa, Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi qısa zamanda məsələyə reaksiya verməli idi, hətta media nümayəndələri ilə birlikdə həmin məktəbdə olmalı idi. Adıçəkilən şəxslər də media qarşısına çıxaraq açıqlama verməli idi. Bu şər, böhtan, hətta yeni təhsil nazirinə qarşı kampaniya da ola bilər. Amma bunun böhtan, yoxsa reallıq olması, yalnız araşdırıldıqdan sonra bəlli olar. Baş verən neqativ halların hamısı dövlət təhsil müəssisələrində baş verir. Özəl təhsil müəssisələrində belə hal baş vermir. Belə halları törədənlər cəzalandırılmasa, proses davam edəcək. Bu hal adiləşəcək”.

İddianın araşdırıldığı Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov Publika.az yayılan məlumatdan xəbərsiz olduğunu dedi:

“Bu cür sensasiya doğuran məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin. Bu barədə onlar məlumat verə bilər”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərdiyimiz sorğuya isə cavabı olduğu kimi təqdim edirik: "Sorğunuza cavab olaraq bildiririk ki, qeyd edilən məsələ ilə bağlı müvafiq araşdırma aparılır".