Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Jurnalist Vüsalə Xaməmmədqızı yazır... “QAÇQININ BİRİ QAÇQIN!”

Jurnalist Vüsalə Xaməmmədqızı yazır... “QAÇQININ BİRİ QAÇQIN!”

Vüsalə ilə bir neçə il ANS-də çalışmışıq. Çox savadlı olmasından da başqa, "kişi kimi qızdır" deyimi sanki tam onun üçün deyilib. Haralı olmasını da heç bilmirdim. Çünki dost-tanışıma belə sual vermirəm. Özüm də bu suala azərbaycanlıyam deyə cavab verirəm. 

Bayaq onun günümüzün ən aktual mövzularından olan "məcburi köçkün və qaçqınlar işğaldan azad olunmuş torpaqlara qayıdacaqmı?" sualına yazdığı bir statusu oxudum. Təsirləndim. Çünki uşaq olanda özüm də qaçqınlara birtəhər baxırdım. Nə qədər evdə izah etsələr də, uşaq ağlı idi. Çirkli, baxımsız adam görəndə yan qaçırdım. Böyüyə-böyüyə münasibət də müsbətə doğru dəyişdi. Və o vaxtlar Vüsalənin nə yaşadıqlarını təxmin etdim. Çox uzatmadan həmkarımın fikirlərini olduğu kimi təqdim edirəm.

"Deməli dostluğumda olan insanların böyük əksəriyyətinin "qaçqınlar qayıdacaqmı?" mövzusunda bir statusu var. Bu günün ən maraqsız, amma ən çox müzakirə olunan mövzusudur.

Keçmiş məcburi köçkün kimi mən də bu insanlardan geri qalmaq istəmədim. Əsas da bəzilərinin qarınağrısına cavab vermək üçün... Deməli Bakıya pənah gətirdiyimiz illərdi. Avtobusda iki arvad dalaşır. Bir-birinə ağzına gələn söyüşü söyürlər. Birdən biri qayıtdı ikinciyə dedi ki, "qaçqının biri qaçqın". Bu söyüşdən sonra saçyoldu başladı. Sanki ən ağır söyüş işlənmişdi. Sanki bu onun ata-anasına, əxlaqına deyilmiş söyüşlərdən ağır idi. 14yaşım yox idi heç. Həmin gün məcburi köçkün (qaçqın) olduğum üçün çox utandım. O utanc hər qaçqın söhbətində sümüyümə qədər işlədi. Ta ki,  2020-ci il oktyabrın 20-nə qədər. Prezidentim, "Zəngilan. Zəngilan bizimdir!" sözlərini deyənə qədər. Elə bil üstümüzdən həmin söyüş kimi işlənən ad yox, illərin yığılıb qalan yükü götürüldü. Buna sevinən tək mən deyiləm. Mənim kimi el-obası işğaldan azad olunanların böyük əksəriyyətidir. Az bir qismi də istəmirsə, qorxudandır. Erməni ilə bir yerdə yaşamaq istəmədiyindəndir. Onların hiss etdiklərini anlamaq isə sizin düşüncəniz daxilində deyil...