Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Deputat onu təhqir edənlərə əsəbiləşdi - “Sənin savadına xoruz kəsim”

Deputat onu təhqir edənlərə əsəbiləşdi - “Sənin savadına xoruz kəsim”

Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev sözügedən hadisəylə bağlı yerli saytlardan birinə açıqlamasında “Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır” deyə bildirib.

Deputatın bu şərhi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayaraq müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, M.Quliyev sosial şəbəkədə onun ünvanına mənfi rəy yazanlara cavab verib:

“Ha dedim, cavab verməyim, ötüb keçər, yəqin sadəcə yanlış anlaşılmadır, olmadı. Ailəsindən başqa tanınıb oxunmayan saytlardan tutmuş sosial şəbəkə qeybətçilərinədək, millətin bir yaralı barmağına məlhəm olacaq qədər dəyəri olmayan vətənşivənlərədək hamısı ağız-ağıza verib mənim təhrif olunmuş, kontekstdən çıxarılmış bir fikrimi çeynəməklə məşğuldular. Fikir söyləmək də, onu müzakirə etmək də qəbahət deyil. Amma bu müzakirə deyil axı, söyməkdir, təhqir etməkdir. Belə şeylərə ehtiyac yoxdur. Bu cür davranış milli mənəviyyatımızı dağıtmaqdır”.

Millət vəkili sözlərinə əlavə edərək açıqlamanı hansı formada verdiyi prosesi belə izah edib:

“Jurnalist zəng vurub Sabunçu rayonu ərazisində qəza hadisəsi ilə bağlı məndən soruşdu ki, “Əmək məcəlləsində bəzi vəzifələrə 65 yaş məhdudiyyəti qoyulduğu halda, pensiya yaşında olan qadına niyə süpügəçi işləmək qadağan olunmur?”. Mən də qanunu şərh edərək bildirmişəm ki, büdcədən maliyyələşən bəzi təşkilatlarda çalışan peşə sahibləri - müəllimlər, həkimlər, mədəniyyət işçiləri, mühəndislər və s. istisna olmaqla digər peşələrdə işləmək üçün yaş məhdudiyyəti qoyulmur. Xüsusən təmizlik sahəsi, iaşə, xidmət sektoru, yaşıllaşdırma, fəhlə və s. kimi xüsusi ixtisas tələb etməyən və əmək bazarında ciddi rəqabət olmayan sahələrdə yaş məhdudiyyəti yoxdur.

Pensiyaya çıxdıqdan sonra da əgər sağlamlığı imkan verirsə, bu şəxslər öz işlərində qalıb işləyə bilərlər. Əgər pensiyaya çıxmaq istəyirlərsə, onları heç kəs məcburi işlədə bilməz.

Hələ jurnalist qızımıza onu da söyləmişəm ki, belə qəzalar hər yerdə olur və hər kəsin başına gələ bilər. Biz müzakirələrimizdə əsas diqqəti əmək təhlükəsizliyi və yol-hərəkət qaydalarına riayət etməyin vacibliyinə yönəltməliyik!”.

Millət vəkili bu açıqlamasında etikadan kənar ifadə işlətmədiyini söyləyərək, onun mandatının əlindən alınmasını istəyən Fəlsəfə İnstitutunun bir elmi işçisinə isə belə cavab verib:

“Ay sənin savadına xoruz kəsim! Bir Konstitusiyanı aç oxu da, alim oğlum, dediyi sözə görə deputatdan mandat alınarmı? Bu da Akademiya!

Bu əlibaltalı nadanlar da axı mənim millətimdir. Lap tutaq ki, səhv eləmişəm, sizin ürəyiniz istəyəni deməmişəm, buna görə adamı təhqir edərlərmi? Axı müsahibənin lap kontekstdən çıxarılmış mətnini də oxumamısınız, bir başlığa görə adamın başını qoparıb yeyərlərmi? Bu münasibətə nə ad verək: nadanlıqmı, namərdlikmi?”.