Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı

5 nəfərin ölümünə səbəb olan sürücünün qardaşı danışdı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə  paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Mahmud Əzizovun qardaşı Rəhim Əzizli hadisə ilə bağlı “Qafqazinfo”ya danışıb.

R.Əzizli bildirib ki, qardaşı ikinci kurs tələbəsidir və bütün sənədləri qaydasında olub: 

 

Qardaşımın sənədləri qaydasında idi. BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var. Qardaşım 2-ci kurs tələbəsidir. Evdə olan günlər işləyirdi, yol xərcliyini çıxarırdı. Qardaşım elə dərsə tələsirdi ki, gəlib çatsın. Avtobus da çıxıb qarşısına. Yük maşınını evə qoyub günorta dərsə gedəcəkdi”.

Qardaşı iddia edir ki, 19 yaşlı Mahmud yolda sürət həddini aşmayıb və avtobus onun qarşısına çıxıb:

“Qardaşım yuxulu olmayıb. Avtobus 120 km/saatlıq sol zolaqdan qəfildən qardaşımın yoluna çıxıb. Qardaşım orta zolaqla hərəkətdə olub. O da sola çəkmək istəyəndə avtobusu arxadan vurub. Bununla bağlı video-sübutlarımız yoxdur. Mən avtobus sürücüsünü birbaşa günahlandırmıram. Ancaq hadisə belə olub. Avtobus sürücüsü sol zolaqdan bunun qarşısına keçib. Günahın 70-80%-i ondadır. Qardaşım yolda normal sürətdə gedib”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,  hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisənin necə baş verməsi ilə bağlı hələ ki heç bir görüntü yayılmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.