Hər zaman dəqiq proqnozları ilə seçilən ekstrasens Azra Məcidova son günlər baş verən hadisələrlə bağlı düşüncələrini bölüşüb. Ukrayna-Rusiya müharibəsinin tezliklə bitəcəyini deyən ekstrasens bildirib ki, Putin çox güclüdür, Zelinski Amerika Birləşmiş Ştatlarına güvənməklə çox böyük səhv etdi:
“Rusiya istədiyini almamış Ukraynadan əl çəkən deyil. Rusiya həmişə güclü dövlət olub və olacaq. Deyə bilmərəm ki, Rusiya bu dəqiqə istədiyini alacaq. Amma fakt odur ki, Ukrayna Amerikanın qurbanı oldu. Zelenski Amerikaya çox inanırdı. Amma unutdu ki, Amerika nüvədən qorxub geri çəkiləcək. Əslində təəssüf ki, çox pis hadisələr baş verdi, minlərlə insan həlak oldu, bir anda insanlar evindən uzaq düşdü. Amma dediyim kimi müharibə bir müddətlik dayanacaq. Sonra yenidən bu məsələ gündəmə gələ bilər”.
- Ötən müsahibələrin birində Putinin sağlamlığında ciddi problemlərin olacağını, hətta hakimiyyətdən gedəcəyini demişdiniz. İndi isə digər ekstrasenslər onun öləcəyini söyləyirlər. Bəs siz necə düşünürsünüz?
- Putinin ölməsi boş söhbətdir. Onunla bağlı mən də demişdim ki, hakimiyyətdən gedəcək. Amma bu, 3-5 ay məsələsi deyil. Hələ hakimiyyətdə olacaq, lakin sağlamlığında ciddi problemlər var.
- Siz ötən dəfəki açıqlamanızda həm də rus sülhməramlılarının Qarabağdan gedəcəyini demişdiniz. Əslində bugünki reallıq sizin söylədiklərinizin doğru olduğunu göstərir. Bəs onların yenidən qayıtması mümkündür?
- Sülhməramlıların yenidən qayıtması ehtimalı az da olsa var. Amma bu məsələ bir az qarışıqdır. Düzgün çıxmaz hər şeyi detallı demək. Çünki “ölkə siyasəti” deyilən bir anlayış var. İstəmirəm hər şeyi öncədən açıqlayım. Sadəcə deyim ki, barışıq da ola bilər. Bunu da əlavə edim ki, Ukrayna-Rusiya müharibəsinin Azərbaycana təsirləri çox ola bilərdi. Amma diplomat prezidentimiz sayəsində çox təhlükələrin qarşısı alındı. Bir də Rusiyanın bugünki mövqeyinin bir səbəbi var - keçmiş SSR-ni bərpa etmək. Bu da olacaq. Amma indi yox, çox uzun illər sonra. Lakin Azərbaycan üçün yaxın illərdə heç bir təhlükə yoxdur. Bu il daxil olmaqla qarşıdakı 2-3 il çox düşərli olacaq. Böyük dəyişikliklər olacaq. Qonşu ölkələrdə baş verən bəzi hadisələrin bizə yaxşı mənada təsiri olacaq. Sadəcə il ərzində Bakıda insanların toplu olduğu yerlərdə xoşagəlməz hadisənin baş verməsi gözlənilir. Əslində insanları təşvişə salmağı sevmirəm, amma hiss etdiklərimi bölüşməsəm də olmaz.
- Azra xanım, diqqət etsək görərik ki, ekstrasenslər neqativ hadisləri xüsusilə vurğulayırlar. Amma siz hiss etdiyiniz xoşagəlməz məqamlar haqqında ətraflı danışmırsınız.
- İnsanları təşvişə salmağı sevmirəm, ona görə də pis şeylər haqqında xüsusi can-fəşanlıqla danışmıram. Düzdür bəziləri var, elə proqnozlar verir ki, millət qorxuya düşür. Amma buna gərək yoxdur. Onlar əslində bunu müştəri yığmaq üçün, özlərini reklam etmək üçün edirlər. Mən reklam üçün nəsə demirəm, buna heç ehtiyacım da yoxdur. İnsanların çoxsayılı istəyinə hörmət əlaməti olaraq proqnozlarımı deyirəm. Guya reklam nəyimə lazımdırki? Onsuz tanımadığım adamları qəbul etmirəm. “İnstagram”da qəbuluma yazılmaq üçün gündə neçə adam müraciət edir. Lakin mən bu tip işlərlə məşğul olmuram. Açığı heç Azərbaycanda çox qalacağımı da düşünmürəm. Qısa zamanda Azərbaycanı tərk edəcəm. Əvvəl tərəddüd edirdim, amma son zamanlar qəti qərarımı vermişəm. Təəssüf ki, burada qəlbi qara, bir-birinə quyu qazan insanlar çoxdur. Mən o cür mundar insanlarla birlikdə yaşaya bilmirəm.
- Ötən dəfə “Covid 19” virusunun bitəcəyini demişdiniz, indi də bu fikirdəsiniz?
- Əlbəttə, bu fikirdəyəm. Bəziləri deyir yeni virus olacaq. Boş söhbətlərdir. “Covid 19” virusu bu il bitəcək, qadağalar götürüləcək. Artıq hər şey öz axarına düşəcək.