Aprelin 23-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının qətlə yetirilməsinin detalları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, “Finca Azərbaycan” şirkətinin Cəlilabad filialında kredit mütəxəssisi işləyən V.İlhamlı mübahisə zəminində öldürülüb.
Belə ki, hadisədən bir neçə gün əvvəl həmin kənddən olan 1993-cü il təvəllüdlü Rüfət Əlizadə valideynlərini Cəlilabad rayonuna - sevdiyi qızın ailəsinə elçi göndərib. Lakin elçilik zamanı tərəflər arasında razılıq əldə edilməyib. Bundan sonra Rüfət xəbər göndərərək qızı qaçıracağını bildirib. Qızın ailəsi bundan narahat olub və qohumlar Cəlilabaddan Biləsuvarın kəndinə yola düşərək məsələni müzakirə etmək istəyiblər.
Biləsuvara gedən qohumlar arasında qızın yaxın qohumu olan Vüsal İlhamlı da olub. Onlar gecə saat 23 radələrində Aşağı Cürəlidə Rüfətlə görüşüblər və bu zaman yaşanan mübahisə münaqişəyə çevrilib. Münaqişə zəminində Rüfət Əlizadə qızın qohumu V.İlhamlıya ürək nahiyəsindən bıçaqla bir zərbə endirib. Ağır xəsarət alan 37 yaşlı şəxs hadisə yerində vəfat edib.
Faktla bağlı başlanılmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, Vüsal İlhamlı ali təhsilli olub. Ailəli, 2 uşaq atası imiş.