Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Qardaşım çay qoydu ki, Rəşad gələcək” - İstintaqın detalları

“Qardaşım çay qoydu ki, Rəşad gələcək” - İstintaqın detalları

Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər Mehdiyevin hüquqi varisi qismində tanınan şəxsin kimliyi məlum olub.

Mərhumun qardaşlarından biri Etibar Mehdiyev zərərçəkmişin hüquqi varisi kimi işə cəlb edilib. Belə ki, Rəşad Dağlı ilə görüşməzdən əvvəl İskəndər Mehdiyevin yanında məhz Etibar Mehdiyev olub. Onların telefon danışıqlarına şahidlik edib.

“Qafqazinfo” E.Mehdiyevin ibtidai istintaq müddətində verdiyi ifadənin məzmunu barədə bir sıra detalları da əldə edib.

Məlum olub ki, Etibar İskəndərlə Rəşad Dağlının görüşəcəyindən xəbərdar olsa da, onların bıçaqlı mübahisə edəcəyini düşünməyib:

“Biz ailədə üç qardaşıq. İskəndər balacamız idi, subay idi. Bizimlə eyni ünvanda yaşayırdı. Uşaq yaşlarında üstünə dəmir darvaza aşdığı üçün başından ağır xəsarət almış, psixikası pozulmuşdu. Hətta buna görə ona əlillik də verilmişdi, təqaüd alırdı. Qardaşım narkotik istifadəçisi olduğuna görə üç dəfə məhkum edilmişdi. Lakin heç kimlə düşmənliyi yox idi.

Rəşadı uşaq yaşlarından tanıyırıq, babası bizimlə qonşu olub. Münasibətimiz yaxşı olub, dəfələrlə evimizə gəlib-gedib. Son 3-4 ildə gediş-gəlişimiz azalsa da, münasibətimiz normal idi, mehriban olmuşuq.

İskəndər həbsdən təzə çıxmışdı. Çıxandan 1-2 gün sonra Rəşadı axtarmağa başladı, amma tapa bilmədi. Sonradan bildim ki, İskəndər Rəşadın nömrəsini tapıb zəng vurub. Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar. Hətta çay da qoydu. Az sonra Rəşad İskəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Telefonu söndürəndən sonra İskəndər aqressivləşdi. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər. Soruşdum ki, nə məsələdir, bir kəlmə dedi ki, üzdəniraq söhbətidir. İskəndər dedi ki, “Rəşad çaşsa, onu vuracağam”. Mən İskəndərlə Rəşadın münasibətinin yaxşı olduğunu bildiyim üçün onun Dağlını vurmaq barədə dediklərini ciddiyə almadım”.

Hüquqi varis ifadəsində Rəşad Dağlıya qarşı şikayət və tələbləri olmadığını deyib:

“İskəndər evdən çıxanda dedi ki, “Rəşad bu söhbəti həll etməlidir”. Həmin vaxt bunu başa düşməmişdim. Hadisədən sonra bildim ki, İskəndər söhbəti həll etmək deyəndə, kimisə susdurmağı nəzərdə tuturmuş. Yəni, qardaşım Rəşada kiməsə susması üçün pul vermək lazım olduğunu deyib.

Qardaşımla uzun danışmağa imkanım olmadı, az sonra evdən çıxdı. Onların arasında dava olacağını bilsəydim, getməsinə icazə verməzdim. Evdən çıxanda ancaq telefonunu götürdü. Bir neçə saat sonra qohumlar zəng vurdu ki, mətbuatda İskəndərin Rəşad Dağlı tərəfindən öldürüldüyünü görüblər. Dərhal hadisə barədə maraqlandım və məlumatın düz olduğunu öyrəndim. Mən və ailə üzvlərimin hər hansı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq”.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.