Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Anasına “qara qancıq”, “cındır”, “tryapka” deyəni yuxuda bıçaqladı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Anasına “qara qancıq”, “cındır”, “tryapka” deyəni yuxuda bıçaqladı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Bakının Xəzər rayonunda qəsdən adam öldürməyə cəhddə ittiham olunan 2000-ci il təvəllüdlü Murad İmaməliyevin məhkəməsi başa çatıb.

SHOWNEWS.AZ xəbər verir ki, Murad İmaməliyev evdə anasına məxsus mobil telefonunda videolara baxarkən anasının iş yoldaşı Şahin Yusifovdan “WhatsApp” proqramına mesaj gəldiyini görüb.

Murad İmaməliyev həmin proqrama daxil olaraq Şahin Yusifovun anasına qarşı nalayiq ifadələr işlətdiyini görüb. O, qəzəblənərək Şahin Yusifovdan qisas almaq üçün əlverişli məqam gözləyib. 2019-cu il dekabrın 20-də yaşadığı evdən bıçaq götürüb. Sonra Şahin Yusifovun olduğu qonşu otağın işıqlarının söndüyünü görüb və həmin otağa girərək onun yatdığına əmin olub.

Murad İmaməliyev Şahin Yusifova 14 bıçaq zərbəsi vurub. Həmin vaxt anası və qardaşı otağa daxil olaraq ona mane olublar, Şahin Yusifovu 3 saylı şəhər xəstəxanasına aparıblar.

Orada Şahin Yusifova tibbi yardım gösrərildiyindən həyatını xilas etmək mümkün olub.

“Nə ilə məşğul olduğunu bilməmişəm”

Murad İmaməliyev barəsində Cinayət Məcəlləsinin 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad İmaməliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, Şahin Yusifovu 2 ildir tanıyır: “O, anamın işlədiyi şirkətdə çalışıb. Anamla birlikdə şirkətə gedən zaman Şahini görüb onunla tanış olmuşam. Şirkətdə nə ilə məşğul olduğunu bilməmişəm. Bildiyimə görə Biləsuvar rayonunda yaşayıb, arabir işi ilə əlaqədar Bakı şəhərinə gəlib.

Bakıya gələndə bir neçə dəfə bizim evdə qalıb. Gecə yatanda mən və anam bir otaqda, Şahinlə qardaşım Pənah isə birlikdə digər otaqda qalıblar”.

“Əsəbləşsəm də, anama bir söz demədim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Şahin onlara 2019-cu ilin iyun ayından gəlib-getməyə başlayıb: “Anam hər dəfə əvvəlcədən Şahinin bir neçə gün gəlib bizdə qalacağını deyib, evi təmiz saxlamağı tapşırıb. Mobil telefon işlətmədiyimdən lazım olduqda anamın telefonundan istifadə etmişəm.

Hadisə baş verən günü, saat 23 radələrində anamın telefonunu götürdüm, internetdə müxtəlif videolara baxan zaman “WhatsApp“ proqramına mesaj gəldi. Mesaj yazanın Şahin olduğunu gördüm və həmin vaxt Şahinin anama “cındır”, “tryapka”, “cəhənnəm ol, cındır”, “qudurmusan”, “qara qancıq” kimi nalayiq sözlər yazdığını gördüm. Çox əsəbləşsəm də, bu haqda anama bir söz demədim”.

“Evdə gözləmək qərarına gəldim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Şahinin Suraxanı rayonu, Əmircan qəsəbəsində kirayə evdə qaldığını bilib:

“Şahinin qaldığı evə gedib, onu cəzalandırmaq qərarına gəldim. Mesajları oxuyan zaman evdə anamdan başqa heç kim olmayıb. Anama həyətə düşdüyümü dedim, artıq evdən çıxmağa hazırlaşarkən anam mənə getməməyimi və Şahinin gələrək bizdə qalacağını dedi. Mən də Şahini evdə gözləmək qərarına gəldim. Bir müddət sonra qardaşım Pənah da evə gəldi”.

“Mesajlarına görə belə etdiyimi dedim”

Murad İmaməliyev qeyd edib ki, saat 1 radələrində Şahin onların evinə gəlib: “Anam yatmağa hazırlaşdı və mən qardaşım Pənaha anamın yanına gedib yatmağı tapşırdım. Şahin isə digər otaqda yerinə uzandı. Mən də bir neçə dəqiqə sonra mətbəxdə istifadə etdiyimiz bıçağı götürdüm,

Şahinin olduğu otağa daxil oldum və qapını örtdüm, ancaq açarla bağlamadım. Şahinə həmin mesajlarla bağlı suallar verməyə başladım, ondan anama niyə təhqiredici sözlər yazdığını soruşdum. Şahin özünə bəraət qazandıraraq yerindən ayağa qalxmaq istəyərkən onun boyun və bədən nahiyələrinə bıçaqla bir neçə zərbə vurdum.

Şahin həmin zərbələrdən qabağa doğru əyildikdə onun kürək nahiyəsindən də bir neçə zərbə endirdim. Bu vaxt səs-küyə anam və qardaşım gəldilər. Anam niyə belə hərəkət etdiyimi soruşduqda, ona Şahinin təhqiredici mesajlarına görə belə etdiyimi dedim.

Sonra təcili tibbi yardıma zəng etdik. Bıçağı otağa qoyaraq evdən çıxdım, “Neftçilər” metrosu istiqamətində getdim”.

“Anam polis bölməsində olduğunu dedi”

Murad İmaməliyevin ifadəsinə görə, səhərə kimi gəzib və təslim olmaq barədə düşünüb: “Ertəsi gün saat 15 radələrində taksofonla anamın mobil telefonuna zəng etdim, Şahinin vəziyyətini soruşan zaman anam polis bölməsində olduğunu dedi. Bundan sonra telefonu Heydər adlı polis əməkdaşı götürdü və harada olduğumu soruşdu.

Mən də artıq təslim olmaq qərarına gəldim və həmin polis əməkdaşına Nizami rayon İcra Hakimiyyətinin yanında olduğumu dedim. Bir müddət sonra Heydər adlı polis əməkdaşı gələrək məni Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinə apardı”.

“İntim münasibətim olmayıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şahin Yusifov bildirib ki, təqsirləndirilən şəxsin anası Sevici 3-4 ildir tanıyır: “İş elanı ilə bağlı görüşdük və əlaqələrimiz yarandı. Sonradan “Lifenetworksystem” şirkətində işləməyə başladım. İşim şirkətin məişətdə istifadə olunan əşyalarını satmaqdan ibarət olub.

Satılan əşyalardan müəyyən məbləğdə xeyir götürmüşəm və bu haqda Sevincə də danışmışam. Sevinc də həmin işlə məşğul olmağa başladı. Sevinc həmin vaxtlar evli olmaqla iki uşağı olub.

Eşitdiyimə görə, Sevincin əri alkoqol aludəçisi olub, Sevinc uşaqları ilə Suraxanı rayonu, Ramana qəsəbəsində anasının evində, əri isə Xəzər rayonu, Binə qəsəbəsində yaşamağa başlayıblar. Təxminən bir il əvvəl Sevincin əri ölüb və o, uşaqları ilə birlikdə Binə qəsəbəsindəki evə köçüb.

Sevincin uşaqlarını anaları ilə şirkətə gələn zaman görmüşəm. Uşaqlarla heç vaxt problemim və mübahisəm olmayıb. Bir neçə dəfə Sevincin evində qalmışam. Ümumiyyətlə, Sevincin evində 3-4 dəfə qalmışam və həmişə Sevincin uşaqları da evdə olublar. Evində qalsam da, Sevinclə heç bir yaxın və intim münasibətim olmayıb”.

“Məni öldürmək qərarına gəlib”

Şahin Yusifovun sözlərinə görə, dekabrın 20-də işlə əlaqədar Qusar rayonuna gedib: “Sevinc isə həmin gün Biləsuvar rayonunda olub. Gecə saatlarında Bakıya qayıtdım, Sevinc də öz evinə gəldi. Sevincdən evlərində çörəyin-çayın olub-olmadığını soruşdum və ona pul vermək üçün evinə gəldim.

Saat 1 radələrində mən gələndə Sevincin uşaqları da evdə idi. Sevinc yorğun olduğundan yatmağa getdi, Pənah da anasına qoşuldu. Mən digər otaqda uzandım, üzüm divara tərəf idi. Uzanarkən otağın qapısı açıq idi, işıqları söndürmüşdüm. Az sonra qəflətən kürək nahiyəmə bir neçə dəfə iti alətin batdığını hiss etdim.

Üzümü çevirəndə xəsarət yetirənin Murad olduğunu gördüm. O, otağa daxil olanda xəbərim olmayıb. Çünki yuxuya getmişdim. Kürək nahiyəmdən əlavə baş və hər iki qol nahiyələrimdən də bıçaq xəsarətləri aldım. Qışqırtıma digər otaqdan Sevinclə Pənah də gəldi, Pənah otağın işıqlarını yandırdı. Həmin vaxt zərbələrin ağrısından yerə yıxıldım.

Sevinc Muraddan niyə belə hərəkət etdiyini soruşdu, həmin vaxt qan itirdiyimdən vəziyyətim ağırlaşdığına görə Muradın nə cavab verdiyini xatırlamıram. Muradın hansı səbəbdən məni bıçaqladığını bilməsəm də, çox güman ki, o, mənim Sevincə yazdığım təhqiramiz məsajları görərək əsəbləşdiyindən məni öldürmək qərarına gəlib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad İmaməliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

// Teleqraf.com