Sumqayıtda baş vermiş qətllə bağlı cinayət işi açılıb.
Sumqayıt şəhər prokurorluğundan SHOWNEWS.AZ-a daxil olan məlumatda deyilir:
"Yanvarın 17-də saat 07 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".