Bakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.
Yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.
Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, yanvarın 27-nə keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə tapılan naməlum qadın meyitinin kimə məxsus olmasının müəyyənləşdirilməsi istiqamətində iş aparılırdı.