Goranboy rayonunun Aşağı Ağcakənd kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1964-cü il təvəllüdlü Eldost Əkbərovun (ad və soyadlar şərtidir) qonşuluqda yaşayan azyaşlıya qarşı seksual xarakterli zorakılıq əməlləri törətməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, 2020-ci ilin avqust ayında üstü açılmış hadisələrlə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri - təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb. Məlum olub ki, E.Əkbərovun seksual xarakterli zorakılıq hərəkətləri etiyi 2010-cu il təvəllüdlü Tural Məmmədov (ad və soyadlar şərtidir) əqli qüsurlu olub.
İyrənc əməlin törədilməsi
Hadisəyə gəlincə, azyaşlının əqli qüsurundan və saflığından istifadə edən 57 yaşlı şəxs onunla mehriban münasibətlər qurmağa başlayıb. O, Turalı tez tez öz həyətlərinə dəvət edib və yığdığı meyvələrdən verib. Həmçinin yanında oynamasını, heyvanlara su verməyə kömək etməsini deyib. Bu müddət ərzində Eldost Əkbərov Turala qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. Dəfələrlə uşağın tək və köməksiz olmasından istifadə edərək, öz evində, evin həyətində və həyətdəki dovşan damında ona müxtəlif vədlər verməklə qeyri-təbii yolla cinsi əlaqədə olub. Nəticədə uşağın bədənində yara yaranıb və bir neçə dəfə paltarına qan ləkəsi düşüb. Azyaşlıya pul verəcəyini, ona telefon alacağını deyən 1964-cü il təvəllüdlü şəxs Turaldan bacılarını və anasını da onun yanına gətirməsini, birgə oynamalarını istəyib.
Hadisənin üstünün açılması
Əqli qüsurlu olan azyaşlı qonşuluqda yaşayan Eldostun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi barədə bir neçə dəfə evdə deməsinə baxmayaraq, ona inanan olmayıb. Turalın əqli qüsurlu olmasını düşünən ailə üzvləri, eləcə də analığı onun sözlərinə əhəmiyyət verməyib. Nəhayət hadisədən bir neçə gün əvvəl böyük qardaşı Turalın dediklərini dəqiqləşdirmək və sübut eldə etmək qərarına gəlib. Bu məqsədlə o, bibisi qızının həyat yoldaşı Rauf Nəzərovla danışıb və kiçik qardaşının Eldost tərəfindən zorlanmasını telefonla çəkməsini xahiş edib. Avqust ayında günorta saatlarında E.Əkbərov növbəti dəfə azyaşlını evlərindən çağırıb və qardaşı onun yemək yediyini deyib. Daha sonra uşaq həyətə düşəndən sonra E.Əkbərov Turalı həyətinə aparıb. Bu zaman R.Nəzərov həyətdəki ot tayasına yaxınlaşıb və yaşlı kişinin azyaşlıya qarşı etdiklərini telefonla lentə alıb.
Dərhal hadisə ilə bağlı ərazi üzrə Xocalı rayon Prokurorluğuna məlumat verilib. E.Əkbərov həbs edilib və barəsində cinayət işi açılıb.
Özünü belə müdafiə etdi
İbtidai istintaqın təqdim etdiyi materiallar məhkəmədə araşdırılaraq tam təsdiqlənib. Lakin E.Əkbərov ittihamı rədd edib. O bildirib ki, azyaşlı qonşusu onun çəkib atdığı siqaretin kötüyünü götürüb çəkmək istədiyinə görə onu qıdıqlayıb və yerə yıxaraq kötüyü əlindən almağa çalışıb. Təqdim edilmiş sübutlar, tibbi ekspertiza nəticələri, çəkilmiş video və digər sübutlar onun günahının tam sübuta yetirilməsində əsas götürülüb.
12 illik həbs cəzası
Gəncə Ağır Cinayətlər Məhkəməsi Eldost Əkbərovun 12 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.