Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, cinayət işi üzrə 3 ildir davam edən məhkəmənin növbəti iclası baş tutub.
Təqsirləndirilən Zabit Yolçuyevin vəkili çıxış edərək onun günahsız olduğunu bildirib: “Zabitin orda hər hansı xəsarət yetirməsinə dair dəlil yoxdur. Həmin ərəfədə o, avtomobil qəzası keçirib və çətin hərəkət edirdi. O necə mərhuma xəsarət yetirə bilər, 18 illik həbs necə istənilə bilər?”.
Qətli törətməkdə ittiham olunan Mətləb Muradovun vəkili də çıxış edib: “6 nəfər bir adama bir bıçaqla vurub? Kim təpik vurub, kim şillə o da bilinmir. Bunlara 18-20 il iş istənilir. Hansı əsasla? İşə ədalətli yanaşmaq lazımdır. Elşadla qaçan Aynur deyib ki, Mətləb Elşadın öldürülməsini istəyib. Aynur niyə məhkəmədə dindirilmir? Ədalətli araşdırma lazımdır”.
Qeyd edək ki, 25 yaşlı Aynur Əsədova 2018-ci ildə həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib. Daha sonra təqsirləndirilən şəxslər onların Bakıya qaçdığını öyrənərək ora gediblər. Onları Qubaya gətiriblər. Qızın atası Sadıq Dadaşov Elşad Əsədovu bıçaqlayıb. İttihama görə, bundan sonra Sadıq Dadaşov qohumları Elman Muradov və Mətləb Muradovla birlikdə onu döyüblər. O aldığı xəsarətlərdən vəfat edib.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.