Bakıda 4 nəfərin ölümünə səbəb olan "Range-Rover"in sürücüsü Elşad Kəlbəliyevlə bağlı yeni məlumatlar əldə etmişik.
SHOWNEWS.AZ "Musavat.com"a istinadən xəbər verir ki, "Qurtuluş-93" MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkəni olan Elşad Kəlbəliyev həm də onun bacısı oğlu imiş.
Məlumatda deyilir ki, indi bacısı M.Ağayevdən dayılıq və qayınatalıq edərək onun işinin yüngülləşdirilməsi üçün əlindən gələni əsirgəməməyi xahiş edib.
Hətta iddialara görə, MMC rəhbəri kürəkəni üçün psixoloji problemlərinin olması barədə tibbi arayış almağa, cinayət işinin mahiyyətini yumşaltmağa çalışır. Onun bacısına söz verdiyi, Elşadı xilas etmək üçün dəridən-qabıqdan çıxdığı iddia olunur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov araşdırmalarla qəza törədən "Range Rover"in sükanı arxasında Elşad Kəlbəliyevin olduğunu müəyyən edildiyini bildirib. Həmçinin müəyyən olunub ki, E. Kəlbəliyev avtomobilisərxoş vəziyyətdə idarə edib.
E.Kəlbəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Hadisə iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində baş verib. Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi "Range Rover" və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillər toqquşub.
Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətiriliblər.