Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb.
SHOWNEWS.AZ xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qusar rayon sakini olan qadın polisə müraciət edərək bildirib ki, iyunun 27-də tanımadığı bir qadının onun yaşadığı evə gələrək orada şər qüvvələr olduğunu deyib. Daha sonra fala baxmaq adı ilə evə daxil olub və 11 800 manat pulunu oğurlayıb.
Qadının pulunu mənimsəyən şəxsin Yevlax rayon sakini Aygün Məmmədova olduğu və həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkət etdiyi müəyyən edilib.
Həmin şəxslər Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər barəsində cinayət işi açılıb, araşdırmalar aparılır. Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur.