Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Kamil Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Belə ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K. Qurbanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə yanvarın 9-da Nizami rayonunda baş verib.
1979-cu il təvəllüdlü Səfərov İmran Mustafa oğlunun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 124 saylı binanın qarşısında Kamil Qurbanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə iki dost məclisdə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı söyüş söyülüb. Kamil Qurbanov üzərində gəzdirdiyi bıçaqla dostunu qətlə yetirib.
Mənbə: Trend