Ağdaşda bacının qardaşı öldürməsi ilə nəticələnən qətl hadisəsinin təfərrüatı məlum olub.
“Qafqazinfo”nun məhkəmə materiallarına istinadən məlumatına görə, hadisə ötən ilin noyabrında rayonun Xosrov kəndində baş verib. Ailə münaqişəsi zəminində Ülkər Ələkbərova qardaşı Xancan Umarovu bıçaqlayaraq öldürüb.
2 uşaq anası olan Ülkər Ələkbərova əri ilə münasibətləri pis olduğu üçün bir müddətdir ata evinə köçüb orada yaşayırmış. O, ifadəsində qardaşının əsəb xəstəsi olduğunu, buna görə də evdə hər gün dava-dalaş yaratdığını, ata-anasını döydüyünü bildirib: “6 il əvvəl Xancanın ailəsi dağılmışdı, həmin vaxtdan ata-anamı, məni və bacılarımı buna görə günahlandırırdı. Anamı döydüyünə görə 6 aylıq həbs də olunmuşdu. 1 saylı Respublika Psixiatriya Mərkəzində müalicə alıb.
Hadisə günü evdə uşaqlarla televizora baxırdıq. Xancan şirniyyat istədi, evdə cəmi 3 ədəd şirin çörək olduğunu və həmin şirniyyatların uşaqlar üçün alındığını bildirdim. Əhəmiyyət verməyib şirniyyatları götürmək istədi. Qarşısına keçib götürməsinə mane oldum, məni itələyib şillə vurdu, saçımdan tutub sürüdü. Çətinliklə əlindən çıxıb mətbəxdən bıçaq götürdüm, özümü qorumağa çalışdım. Məni yumruqla vurmaq istəyəndə müdafiə məqsədilə sol qolundan və döş nahiyəsindən bıçaqladım. Yerə yıxaraq ayaqları ilə boynumdan sıxıb boğmağa çalışdı, başımdan zərbələr vurdu. Özümü qorumaq üçün Xancanın başından vurdum. Otaqdan çıxmaq istəyərkən əlimdən tutub dişlədi. Bu dəfə belindən zərbə vurdum. Xancan yıxılıb qaldı. Niyyətim qardaşımı öldürmək olmayıb, özümü qorumaq üçün etmişəm”.
Məhkəmə-tibbi ekspertizası zamanı Xancanın hadisə vaxtı spirtli içki qəbul etdiyi aşkar olunub. Məhkəmə istintaqı qərar verib ki, Ülkər Ələkbərova iddia etdiyi kimi hadisəni törətdiyi an özünü müdafiə məqsədi güdməyib. Xancan Umarov bacısına hücum edərək onu döysə də, qətlin törədildiyi anda onun bacısı üçün hər hansı həyati təhlükəsi olmayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülkər Ələkbərovaya 9 il azadlıqdan məhrumetmə cəzası verilib.