Bu ilin 31 may tarixində Bakı şəhər Xəzər rayonu Şimal DRES qəsəbəsi, Starçuk küçəsində azyaşlıya qarşı əxlaqsızlıq etmiş şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Xəzər rayon Məhkəməsində Vitali Alekseyev (şərti) barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsızlıq-yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə açılmış cinayət işi ilə bağlı keçirilmiş məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib:
"Çox peşmanam, vəziyyətin bu yerə gəlib çıxmasına görə mənəvi əzab çəkirəm, sarsıntı keçirirəm. Həm Uğurdan (şərti), həm də onun valideynlərindən üzr istəyirəm, bağışlanmağımı xahiş edirəm və söz verirəm ki, həmin məhəllədən başqa yerə köçüb gedəcəyəm. Himayəmdə yetkinlik yaşına çatmayan bir uşağım var. Bütün bunların nəzərə alınaraq mənə yüngül cəza verilməsini xahiş edirəm".
Məhkəmə prosesində məlum olub ki, Vitali elektrik-santexnik ustası kimi çalışıb. O, uzun illərdir tanıdığı qonşusunun evində təmir işləri ilə məşğul olarkən ev sahibinin mağazaya getməsindən istifadə edərək onun 7 yaşlı oğluna qarşı əxlaqsız hərəkətlər edib. Etdiyi hərəkətin mahiyyətini tam anlamayan azyaşlını qucağına otuzduran usta ona müxtəlif hərəkətlər edərək və etdirərək cinsi ehtirasını pozğuncasına təmin edib. Hadisədən bir neçə gün sonra azyaşlı Vitalinin hərəkəti barədə anasına danışıb və polisə məlumat verilib.
Azyaşlının atası məhkəməyə ifadəsində hadisə baş verən gün Vitalinin hərəkətlərindən, xüsusilə axşam evə gedərkən onun uşağı özü ilə evinə oynamaq adı ilə aparmaq istəməsindən şübhələndiyini deyib.
Məhkəmə Vitalinin 2 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.