Azərbaycanda 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olan şəxsə hökm oxunub.
Oxu.Az cinayət işinin motivlərini təqdim edir. Yazıda istifadə olunan adlar şərtidir.
Hər şey ondan başlayır ki, 1986-cı il təvəllüdlü Abşeron rayonun sakini, II qrup əlil Ələsgər 2006-cı il təvəllüdlü özündən 20 yaş kiçik olan 2006-cı il təvəllüdlü Xədicəni Siyəzən rayonunun kəndlərinin birində görür. Bu, 2019-cu ildə, yəni Ələsgərin 33, Xədicənin 13 yaşında olanda baş verir.
Bundan sonra Ələsgər onunla evlənmək istəyir. Lakin qızın yaşı evlənmək yaşı üçün yetərli olmadığından, ailələr rəsmi nikahsız toya razılıq verirlər.
2019-cu ilin iyunun 29-da Siyəzəndə toy olub. Daha sonra Xədicə gəlin köçüb.
Təqsirləndirilən şəxs istintaqa ifadəsində deyib ki, evlənəndən sonra Xədicə ilə cinsi əlaqədə olub.
Xədicənin anası Sədəf dəfələrlə kürəkənindən qızını onların evinə gətirməyi bildirib.
Lakin Ələsgər qayınanasını əxlaqsız qadın kimi tanıdığından, Xədicəni ora tək aparmayıb. Sonuncu dəfə qayınanası ilə mübahisə etdiyindən, 13 yaşlı gəlin də anası ilə qalmağa qərar verib və əri ilə evə qayıtmayacağını bildirib.
Zərərçəkmiş şəxs isə Ələsgərin ifadəsinin yalan olduğunu bildirib. Xədicə deyib ki, evlənərkən ona evlilik yaşına kimi cinsi əlaqənin olmayacağına dair söz verilməyib.
“Mənim bakirəliyim toy günü ərim tərəfindən pozulub”, - deyə, o ifadəsində bildirib.
O, əri tərəfindən bütün günü ev işləri görməyə, mal-qaraya baxmağa məcbur edildiyini, rahat yaşamasına imkan verilmədiyini bildirib.
Bu il martın 22-də Siyəzən rayon xəstəxanasında müayinə zamanı hamilə olduğunu bilib.
Məhkəmə zamanı Xədicə Ələsgərdən şikayətçi olmadığını deyib.
Ələsgərə Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmənin hökmü ilə Ələsgər üç il həbs cəzasına məhkum olunub. Hökmdə onun II qrup əlil olması yüngülləşdirici hal kimi qəbul edilib.