Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Sevmişəm, qısqanmışam, vurmuşam da, döymüşəm də” - Şöbədə arvadını öldürən polis

“Sevmişəm, qısqanmışam, vurmuşam da, döymüşəm də” - Şöbədə arvadını öldürən polis

Polis şöbəsində arvadını öldürən serjant İsmayıl Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə ittiham aktı elan olunub.

 

Bildirilib ki, polis əməkdaşı İsmayıl Məmmədov bir gün əvvəl həyat yoldaşı Xanım Məmmədovanı döyərək işgəncə verib. X.Məmmədova məsələ ilə bağlı “102”ə məlumat verib. Bu məqsədlə o Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə dəvət edilib.

Səhəri gün izahat almaq üçün qadın polis bölməsinə gəlib. Bu zaman İ. Məmmədov polis bölməsində onun bədəninin müxtəlif hissələrinə 15 dəfə atəş açaraq qətlə yetirib.

Prosesdə İ.Məmmədov sərbəst ifadə verib:

"2010-cu ildə Xanım Məmmədova ilə tanış olmuşam. 4 il universitetdə oxuyub, mənsiz nə universitetə gəlməyib, nə getməyib.

2014-cü ildə ailə qurmuşam. Övladım dünyaya gəlincə aramızda heç bir problem olmayıb. Əvvəldən mən ona demişəm ki, ali təhsil alacaqsan, amma işləməyəcəksən. Övladım dünyaya gələndən sonra o işləmək istədiyini dedi. Ondan sonra ailədə problem yarandı. O vaxta qədər biz bir birimizə çox bağlı idik.

Sevmişəm, qısqanmışam, vurmuşam da, döymüşəm də. Ayın 29-da bizim aramızda kofta məsələsi ilə bağlı problem oldu. Mübahisə etdik. Mən ona həmin koftanı geyinməyəcəyini bildirdim. O mənə bildirdi ki, azad olmaq istəyir.

Mən işə gedəndə evin qapısını bağladım ki, evdən qaçmasın. Evə qayıdanda gördüm evdə yoxdu.

Səhəri gün işə gəldim, qol çəkdim silahımı götürdüm getdim. Mənə təhqiqatçı zəng vurdu ki, sizdən şikayət var. Mən Xanıma zəng vurub dedim ki, bölməyə gəlməsin. O isə dedi ki artıq gecdi. Sonra məni polisə çağırdılar. Təhqiqatçı mənə iradlarını bildirdi. Dedi ki, Xanım səninlə bir yerdə qalmaq istəmir, bədənində xəsarətlər var. Mən təhqiqatçı ya dedim ki sən onun xəsarətlərini harda görmüsən? O sənə bədəninin şəkillərini atıb? Mən Xanımdan xahiş elədim ki barışaq, üzr istədim. O isə mənə yox dedi.

Mən təhqiqatçıdan xahiş elədim, uşaqlarımla görüşüm. O da icazə verdi. Mən otağa girib uşaqlarımı qucaqladım, halallaşdım. Bu vaxt Xanım mənə şərəfsiz dedi. Mən özümü öldürmək istəyirdim. Otağa daxil olanda onu öldürmək istəmirdim. Mən otağa girdim ki uşaqlarımla sağollaşam. Otaqda o mənə şərəfsiz deyəndən sonra özümə cavabdeh olmadım. Ondan sonra nə olduğunu xatırlamıram.

Mən onu məqsədli öldürmək istəsəydim, onu bir və ya 2 güllə ilə öldürərdim, 15 güllə vurmazdım. Özümdə olmamışam deyə 15 güllə vurmuşam", - deyə təqsirləndirilən şəxs bildirib.

Prokurorun suallarını cavablandıran İ. Məmmədov deyib ki, o həyat yoldaşının polis bölməsinə getməsini istəməyib: "Mən istəmirdim o polisə getsin. Çünki həm işlədiyim yer idi, kollektiv içində biabır olmaq istəmirdim. O koridorda iş yoldaşlarımın yanında mənə şərəfsiz dedi. Mən ona əsəbiləşdim. Mən sivil adamam. İstəyirdim ki, sakitliklə ayrılaq. Ona görə istəmirdim polisə getsin. Heç kim istəməz ki ailə mübahisəsi kənara çıxsın, kimsə ailəsinə müdaxilə etsin. Mən də bir ailə başçısıyam və qərarları mən verirdim. Bizim evdə bir problem azadlıq, işləmək olub. Xanım deyirdi azad olmaq, işləmək istəyirəm. Öldürmək niyyətim olmayıb, ona görə 15 güllə vurmuşam".

Proses fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü polis şöbəsində baş verib. İ.Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla 15 dəfə atəş açaraq həyat yoldaşını qəsdən öldürüb.