Gəncə şəhər prokurorluğu 25 yaşlı qadının qətli ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün saat 17 radələrində Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Rauf Vəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Bayramovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rauf Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.