Bakıda “Uber” və “Bolt” taksi şirkətlərinin daha 10 sürücüsü saxlanılıb.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, eləcə də əxlaqsız təkliflər etməsi barədə daxil olan məlumatlar əsasında Bakı Şəhər Baş Polis İdarəsi, Nəsimi, Binəqədi, Qaradağ, Sabunçu, Nizami, Yasamal və Xətai Rayon Polis İdarələri əməliyyatlar həyata keçirib. Nəticədə qeyd olunan əməlləri törədən həmin şirkətlərin sürücüləri - Əlibala Məmmədli, Xəyal Quliyev, Hafiz Rəcəbli, Kamil Abbasov, Abdulağa Mustafayev, İlkin Həkimov, Elçin Abdullayev, Timur Hacıyev, Həsən İsmayılov və Xəyal Atakişiyev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı bu sürücülərdən bir neçəsinin taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrdən istifadə etdikləri də müəyyən edilib.
10 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Qeyd edək ki, son aylarda artıq 50-yə yaxın taksi sürücüsü qeyd edilən əməllərlə bağlı saxlanılaraq barələrində tədbir görülüb.