Naxçıvanda yerləşən kafelərdən birində mahnı sifarişi ilə bağlı müğənni və müştəri arasında mübahisə yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, Fuad Qocayev (şərti) əmisi oğlu Fərhad Qocayevlə (şərti) kafedə yeyib-içdikdən sonra orada müğənni kimi çalışan xanıma mahnı sifariş ediblər. Lakin xanım mahnını oxuya bilməyəcəyini deyib.
Bundan sonra əmioğlular təkid edib və “pulla oxumursan?”, “oxumasan, bokal gələcək” deyərək müğənniyə tərəf 100 manat pul atıblar. Bundan sonra xanım musiqi cihazını söndürüb, oxumayacağını deyib. Tərəflər arasında mübahisə yaşanıb və onlar bir-birlərini təhqir ediblər. Kafenin sahibi əraziyə polis çağırıb.
Fuad və Fərhad Naxçıvan Şəhər 1 nömrəli Polis Bölməsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Qocayevlər 17 gün müddətinə inzibati qaydada həbs edilib.