Bakıda 1 yaşlı körpəsini boğaraq öldürməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktını elan edilib.
Məlum olub ki, Nərgiz Bağıyeva özünə daha çox vaxt ayırmaq üçün uşağını öldürmək qərarına gəlib. O, azyaşlının yeməyinə zəhər qatıb və daha sonra uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda körpənin ağzından köpük gəldiyini, lakin ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan edilib. Nərgizin vəkili məhkəməyə ərizə təqdim edərək onun uşaq evində böyüdüyünü, analıq qayğısından məhrum olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxsə söz verilsə də, o, ifadə vermək istəməyib. Hakim onun istintaq zamanı verdiyi ifadəsini elan edib. N.Bağıyeva ifadəsində qeyd edib ki, 2020-ci ildə “narkotik Ziya” adlı bir oğlanla tanış olub və ondan hamilə qalıb:
“Ziya 2020-ci ildə narkotikə görə həbs edildi. Daha sonra balıqçı dükanı işlədən Xəlillə tanış oldum. Uşağa baxmaqdan bezmişdim. Çünki özümə baxa bilmirdim, öz qayğıma qala bilmirdim. Xəlillə görüşə gedə bilmirdim. Bu səbəbdən onu uşaq evinə qoymaq istədim. Lakin anam buna imkan vermədi.
Hadisə günü uşaqla evdə tək idim. Uşağının yeməyinə hidrogen peroksid qataraq ona verdim ki, ölsün. Daha sonra evdən çıxdım, süd almağa getdim. Geri qayıdanda uşağın ölmədiyini gördüm. Ağzından köpük gəlirdi, amma ölməmişdi. Əlimlə ağız-burununu tutdum və boğdum. Daha sonra uşağı götürüb Xəlilin dükanına getdim. Xəlilə uşağı öldürdüyümü demədim. Ona uşağın səhhətinin pisləşdiyini dedim. Birlikdə xəstəxanaya apardıq. Xəstəxanada uşağı müayinə etdilər və öldüyünü bildirdilər”.
Daha sonra uşağın nənəsi, yəni N.Bağıyevanın anası Leyla Bağıyeva ifadə verib. Onun sözlərinə görə, uşaq ölməmişdən 2 saat qabaq onun nəzarətində olub:
"Yusif (körpəni nəzərdə tutur) Ziyanın övladı olub. Uşaq dünyaya gələndən sonra Ziya ona baxmadı.
Mən kafedə qabyuyan işləmişəm, uşaq həmişə yanımda olub. Hadisə günü qız yanıma gəldi. Dedi, evdə təkəm, uşağı ver, aparım baxım. Uşağın dili açılmışdı. Nənə, baba deyirdi. İki saatın güdazına getdi. Hadisə vaxtı evdə olmamışam.
Mən Nərgizi dünyaya gətirmək üçün 7 il zülm çəkdim. Amma qızım öz övladını asanlıqla öldürdü. Qızımın başında problemləri var idi. Amma ciddi deyildi. Buna görə də uşağı onun yanında qoymurdum. Mənim qızımın başına Ziya, Xəlil oyun açıblar. Yetimlər evində böyüyən bir qızın başına oyun açmaq cinayətdir. Onların barəsində polisə şikayət etdim. Amma şikayətimə baxan olmadı. Dedilər ki, burada cinayət tərkibi yoxdur”.
Məhkəmədə məlum olub ki, Nərgiz Bağıyevanın ata-anası sağ olsa da, o, uşaq evində böyüyüb.
Proses iyunun 12-də davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Hövsanda baş verib.