Bir neçə gün öncə Azərbaycan hərbçiləri tərəfindən azad olunmuş ərazilərin birində şinşilla aşkarlanıb. Bu məlumat hər kəs tərəfindən maraqla qarşılansa da, heyvanın Qarabağ ərazisində necə peyda olduğu sual doğurub. Şinşilla ilk dəfə Azərbaycan ərazisinə SSRİ dövründə gətirilib. Buna səbəb isə heyvanın xəz dərisi olub.
SHOWNEWS.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib. Onun sözlərinə görə, bu layihə 60-70-ci illərdə həyata keçirilib:
“Şinşilla sovet dövründə Naxçıvan ərazisində yerləşən İlandağ ətrafına köçürülüb. Bir müddət sonra onlar haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb və artması müşahidə olunmayıb. Bundan sonra köç olan ərazidə sözügedən heyvanın nəslinin kəsilməsi təsdiqlənib və uğursuz improduksiya adı alıb”.
E.Əsgərov qeyd edib ki, əsgərlərimiz tərəfindən aşkar olunan şinşilla ola bilsin ki, ev şəraitində saxlanılıb:
“Necə ki, iti, pişi evdə saxlayırlar, şinşillanı da bunun kimi saxlayanlar var. Bəzən bu heyvanın təsərrüfatı ilə də məşğul olurlar. Belə ki, şinşillanın dərisi bahalıdır, ona görə onları yetişdirib, daha sonra satanlar da var. Ehtimal var ki, ermənilər həmin ərazilərdə bu işlə məşğul olublar. Oranı tərk edən zaman isə heyvan kimsəsiz qalıb”.
Fond rəhbəri əlavə edib ki, bir neçə gün öncə videosu yayılan yenotlar da sovet dövründə Azərbaycana gətirilib və uğurlu olub. Ancaq bu heyvanın zərəri daha çox olduğundan onun artımının qarşısı müxtəlif yollarla alınıb.