Məşhur "Clear" hotelin sabibi kimi tanınan Fəxrəddin Feyziyevə qarşı 2 milyondan çox dələduzluqda ittiham olunan Elşən İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Elşən İsmayılov xeyli miqdarda ziyan vurmaqla dələduz etməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. E.İsmayılov təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir.
İttihamda deyilir ki, Elşən İsmayılov Fəxrəddin Feyziyevə Dubayda iş quracağı vədi verərək ondan 2.3 milyon manat alıb. O, sonradan vədinə əməl etməyib. Bundan başqa E.İsmayılov başqa bir şəxsə də eyni vəd verərək 1,5 milyon manat ələ keçirib.
Elşən İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mediada yayılmış məlumatlara görə, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıda “Clear” və “İron” otellərin sahibi olublar. Qardaşlar 90-cı illərdə İrana qırmızı civə satışını həyata keçirməklə yüksək gəlir əldə ediblər. Onlar 20 il əvvəl MTN tərəfindən tutulub, lakin qısa müddətdə azadlığa buraxılıblar.