Dünən paytaxt ərazisində avtobusun iştirakı ilə baş vermiş zəncirvari qaza barədə Baş DYP İdarəsi açıqlama yayıb.
Məlumatda deyilir:
"Dünən paytaxtın S.S.Axundov küçəsində “Azadlıq” metro stansiyasının çıxışında “Daewoo” markalı 10-TG-828 nömrə nişanlı avtobusun əyləcinin tutmaması səbəbindən yol nəqliyyat hadisəsi baş vermiş, ölüm halı olmasa da, 9 avtomobilə maddi ziyan dəymişdir.
Təəssüflər olsun ki, son zamanlar istismara yararsız avtobus və mikroavtobuslarla sərnişin daşıma hallarına tez-tez rast gəlinir.
Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılması ciddi nəzarətdə saxlanılsın, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin".