Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda adam oğurluğunda təqsirləndirilən Mahir Qarayev və onun əmisi oğlu Sənan Qarayevin (ad-soyadlar şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Qarayev 10 il, S.Qarayev isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 3 iyul 2021-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kəndində qeydə alınıb. Belə ki, M.Qarayev əmisi oğlu S.Qarayevlə birlikdə həmkəndlisi, zərərçəkmiş Zəminə Hacıyevanı (şərti) evlənmək məqsədilə oğurlamaq qərarına gəlib. Mahir həmin gün atasına məxsus VAZ-2106 markalı avtomobildə Sənanla birgə qadının Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən gözəllik salonundan çıxmasını gözləyib. Həmin gün saat 13 radələrində Zəminənin salondan çıxıb yaşadığı ev istiqamətində piyada getdiyini görüblər. Bu zaman Sənan Mahirin tapşırığı ilə avtomobili idarə edib, zərərçəkmiş şəxsin yanında saxlayıb.
Mahir avtomobildən düşüb qadının qollarından tutaraq nəqliyyat vasitəsinin salonuna mindirmək istəyib. Zəminə onların niyyətini başa düşərək qaçmaq istəyərkən yıxılıb. Bu zaman Mahir zərərçəkmiş şəxsin qollarından tutub, yerdən qaldırdıqdan sonra onu qucağına alıb, qollarını sıxıb saxlamaq üsulu ilə müqavimətini qırıb. Daha sonra Mahir qadını avtomobilə mindirərək Cəlilabad rayonu, Günəşli kəndində yerləşən əmisinə məxsus yaşayış olmayan evinin həyətinə gətirib. Hadisədən sonra Mahir və Sənan polis əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, Zəminə Hacıyeva qaçırılan zaman nişanlı olub.