Daxili İşlər Nazirliyi “Asan Xidmət”i cərimələyib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Vətəndaşlara Xidmət və Sosial Dövlət Agentliyinə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Bu xəta təhlükəsiz şəhər kamerası ilə qeydə alınıb.
Səbail Rayon Polis İdarəsi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı “Asan Xidmət”ə rəsmi sorğu göndərib. Lakin Agentlik nazirliyin bu sorğusuna cavab verməyib.
Buna görə də iki belə halla bağlı “Asan Xidmət” barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokollar tərtib edilib. Lakin protokola mahiyyəti üzrə baxan Səbail rayon məhkəməsi hər iki qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verib.
DİN bu qərardan apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.