Hacıqabul şəhərində məktəbli qız dünyasını dəyişib.
Bu barədə onun təhsil aldığı Hacıqabul şəhər Fərhad Süleymanov adına 3 nömrəli tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, məktəbin Vl sinif şagirdi Aylin Səmədli vəfat edib.
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, uşaq 16.05.2024-cü il tarixində saat 20:31 radələrində dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:
“Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasyon pnevmoniya təyin edilib. Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb”.