Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vətən müharibəsinin “Canavar” ləqəbli həkimi: “Möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdıq” FOTOLAR

Vətən müharibəsinin “Canavar” ləqəbli həkimi: “Möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdıq” FOTOLAR

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın yüzlərlə vətənpərvər oğlu canından keçib.

Vətən müharibəsində iştirak edən həkimlərimiz də az deyil.

Onlardan biri tibb xidməti baş leytenantı Cəmşid Qiyaslıdır. O, N saylı hərbi hissənin kəşfiyyat taborunun həkimidir.

O, 1992-ci ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunu olub. Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

2015-ci ildə düşmən xidmət etdiyi taboru minaatanlardan atəşə tutanda yaralanıb. Amma o, bu vəziyyətdə 20 yaralıya yardım edib.

“Canavar” ləqəbli C.Qiyaslı “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxu.az-a danışan C.Qiyaslının sözlərinə görə, müharibə zamanı əsgərlər həm döyüşür, həm də həkimləri qoruyurdular:

“Bir gün Füzuli istiqamətində gedən döyüşlərdə bizim qrup çətin vəziyyətə düşdü. Səkkiz saat olduğumuz yerdə qaldıq, çox şiddətli döyüş gedirdi, yaralılarımız var idi. Əslində çətin vəziyyətdən tez çıxa bilərdik. Amma qrup komandiri dedi ki, ya yaralılarımızı, şəhidlərimizi buradan çıxaracağıq, ya da hamımız şəhid olacağıq.

Səngərdə sürünərək yaralılarımıza əlimdən gələn bütün tibbi yardımı elədim. Qrupumuz həmin gün möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdı. Ondan sonra hərbçi yoldaşlarım mənə “Canavar” ləqəbi verdilər. Döyüş başlayan gündən bitənə qədər yardım etdiyim bütün yaralılar indi sağ-salamatdırlar. Bu, mənə ən böyük mükafatdır”.