28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə xəbəri FHN Mətbuat xidməti yayıb.
Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.
İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib. Əlavə məlumat veriləcək.
Hadisə yerində olan Səbailin icra başçısı Vüqar Zeynalov mövcud durumla bağlı "Qafqazinfo"ya açıqlama verib.
"Sürüşmə bundan öncə də olmuşdu. Sadəcə, indi fəallaşıb. Ən əsası odur ki, təlafat yoxdur. Evlərə də ziyan dəyməyib. Buna baxmayaraq, təhlükəli ərazidə hesab olunan iki evin sakinlərini təxliyə etmişik. Sadəcə, bir minik avtomobili torpağın altında qalıb. Allaha şükür ki, onun da içində adam olmayıb", - deyə rayon rəhbəri bildirib.