Kürdəmirdə şəhid kapitan Ramil Taqət oğlu Babayev dəfn olunub.
SHOWNEWS.AZ APA-ya istinadən xəbər verir ki, şəhid Ramil Babayev vətən müharibəsində ilk gündən kəşfiyyatçı kimi quru qoşunlarda döyüşə qatılıb. Ramil sentyabrın 29-da Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq itkin düşüb. Bu gün isə onun cənazəsi ailəsinə təhvil verilərək rayonun şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin komandirləri və döyüş yoldaşları iştirak ediblər. Şəhidin komandiri üç rəngli dövlət bayrağımızı şəhidin atası Taqət Babayevə təqdim etdilər.
Qeyd edək ki, şəhid kapitan Ramil Taqət oğlu Babayev 1991-ci ildə Kürdəmirdə anadan olub. O, ilk təhsilini Kürdəmir şəhər 1 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Cəmşid Naxcıvanski adına hərbi liseyində təhsil alıb. Daha sonra təhsilini Ali hərbi akademiyada dava etdirərək oranı bitirib və zabit rütbəsi alıb. İlk xidmətə Goranboy rayonunda başlayıb və xidməti boyunca vətənə layiqli xidmət edib və dəflərlə komandirləri tərəfindən mükafatlara layiq görülüb. Ailədə üç uşağın ən kiçiyi olan Ramil həmişə yaşadığı rayonda da igid cəsur vətənpərvər oğul kimi tanınıb.
Qeyd edək ki, Ramil ailəlidi onun bir oğlu və bir qız övladı var. Ramil yeni doğulan oğlunun anadan olmasından xəbərsiz şəhid oldu. Ailəsi isə yeni doğulan körpəyə elə şəhid Ramilin adını qoymaq niyyətindədir.