Bakı Apellyasiya Məhkəməsində “Instagram” sosial şəbəkəsində “Aytac” adı ilə qeydiyyatdan keçərək şantaj yolu ilə pul tələb etməkdə təqsirli bilinən C.Hacıyevin apellyasiya şikayətinə baxılıb.
SHOWNEWS.AZ “report”a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və Nəsmi Rayon Məhkəməsinin hökmü dəyişdirilməyib.
Qeyd edək ki, C.Hacıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə təqsirli bilinib.
İttihama görə, o, özünü “Aytac” kimi təqdim edərək kişi cinsinə aid olan N.A.-dan çılpaq fotoşəkillərini göndərməsini xahiş edib. Fotoları əldə etdikdən sonra isə onları sosial şəbəkələrdə yayacağı və zərərçəkmiş şəxsin tanışlarına göstərəcəyi ilə şantaj edərək ondan 1 000 manat pul tələb edib.
N.A.-nın hüquq-mühafizə orqanlarına müraciəti əsasında C.Hacıyev əməliyyat nətcəsində saxlanılıb və məsuliyyətə cəlb edilib.