Bakıda internetdə tanış olduğu qızla görüşə gedən şəxsin maşınını, telefonunu və pullarını əlindən alıblar.
SHOWNEWS.AZ "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsində baş verib.
Şəhər sakini, 1976-cı il təvəllüdlü X.Məmmədov tanış olduğu İlahə adlı qadının gecə saat 1 radələrində Masazır qəsəbəsində yaşadığı evə gedib. Orada naməlum şəxs onun qoluna bıçaqla xəsarət yetirərək "Mercedes” markalı avtomobilini, mobil telefonunu və 300 manat pulunu alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalarla həmin şəxsin Ağdam rayon sakini, əvvəllər xuliqanlıq və narkotik daşınmasına görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Qorxmaz Nəsirov olduğu müəyyən edilib.
Onun həmçinin, avtomobil qaçırdığı üçün Ağcabədi polisi tərəfindən axtarışda olduğu məlum olub. Q.Nəsirov X.Məmmədovdan aldığı avtomobilin nömrəsini çıxarıb, nəqliyyat vasitəsinə 10-CZ-044 dövlət qeydiyyat nişanını bağlayaraq maşını idarə edirmiş.
Faktla bağlı araşdırma aparılır.