Gədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Qumlu kənd sakini, 1999-cu il təvəllüdlü Ə.V-nin orta məktəbin 8-ci sinifində oxuyan və həmin vaxt 16 yaşı tamam olmamış T.M ilə cinsi əlaqədə olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə açılmış işin məhkəmə istintaqında maraqlı faktlar üzə çıxıb.
Bəlli olub ki, rayonun Söyüdlü kənd sakini olan, 2003-cü il təvəllüdlü T.M ilə Qumlu yaşayış massivində yaşayan Ə.V arasında sevgi münasibət olub. Oğlanın ailəsi elçi gəlsə də, qızın ailəsi onun yetkinlik yaşına çatmamasını əsas gətirərək izdivaca razı olmayıb. Daha sonra Ə.V məktəbli qızı qaçırıb. Lakin qızın ailəsi onu geri qaytarıb. Bir müddət sonra isə qızın qardaşı bacısını istəyən Ə.V-ya zəng edərək gəlib bacısını qaçırmasını bildirib. Bundan sonra gənc oğlan sevdiyi qızı qaçıraraq əvvəlcə bacısının qaynanasıgilə, bir neçə saat sonra isə ata evinə aparıb.
Həmin günün gecəsi onlar qarşılıqlı razılıq və heç bir təzyiq olmadan cinsi əlaqədə olublar. Ailələr kiçik məclis keçirərək övladlarının evliliyinə xeyir-dua veriblər. Hadisədən təxminən 10 ay sonra ailədəki keçimsizlik səbəbindən yeniyetmə qız ata evinə qayıtmalı olub. O, 1 ay sonra ata evində qız övladı dünyaya gətirib.
Övladı dünyaya gəldikdən sonra Ə.V atası və anası ilə Söyüdlü kəndinə gələrək həyat yoldaşını və körpə övladını evlərinə aparıb. Lakin 1 ay sonra o, yenidən T.M və körpəni qaynatasının evinə gətirərək daha bir yerdə yaşamaq istəmədiyini bildirib.
Ə.V-nin yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olması, onu hamilə qoyması faktı üzə çıxdıqdan sonra Gədəbəy rayon Polis Şöbəsində onun barəsində cinayət işi açılıb.
Məhkəmə Ə.V-nin səmimi şəkildə ailə qurmaq istəməsini, cinsi əlaqədə olarkən bunun cinayət əməli ola biləcəyini bilməməsini, qarşı tərəfin barışığa razı olmasını və sair nəzərə olaraq onun barəsində 1 il müddətinə şərti cəza təyin edib.