Ukrayna parlamentində Pyotr Poroşenkonun Blokunun deputatı olan Mustafa Nayyemə naməlum şəxslər tərəfindən hücum olub.
SHOWNEWS.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə aprelin 30-da Kiyevdə baş verib.
M.Nayem özünün “Facebook” səhifəsində hadisə ilə bağlı yazıb ki, yolda xuliqanlıq edən şəxslərlə sözü çəp gəlib. Daha sonra 4-5 nəfər onu döyüb.
Hazırda deputat xəstəxanadadır. Onun sözlərinə görə, hücum siyasi fəaliyyəti ilə əlaqədar deyil.
Patrul polisinin başçısı Yuri Zozul faktı təsdiqləyib və bildirib ki, 4 nəfər şübhəli tutulub.
Mustafa Nayyemin dediyinə görə, onu döyən şəxs istintaqdan gizlənməyi bacarıb və Bakıya yola düşüb.
“Ən qəribə hadisələr dördüncü şəxslə bağlı baş verir. O, yoldaşlarının zəngindən sonra hadisə yerinə gələrək mənə zərbələr endirib. Çox güman ki, dəstənin başçısı idi. Onu tutmağa söz vermişdilər, lakin məlum oldu ki, Borispoldan Bakıya uçub”, - Nayyem sosial şəbəkədə yazıb.
Saxlanılan şübhəlilərin kimliyi barədə məlumat verilmir.