İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb.
DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya bildirib ki, məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb:
"İyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid yandırılıb.
Artıq polis tərəfindən həmin məscidləri yandıran adamlar bəlli olub. Cinayəti törədənlər Fuad və Şahbaz Nəbiyev qardaşları müəyyən edilib və saxlanılıblar. İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.
Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.
Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlər kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.
Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.