Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən otlaq sahəsindən mal-qara oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə müraciət edən yeddi nəfər şəxs onlara məxsus ümumilikdə 11 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Belə ki, cinayət əməlini törədən, əvvəllər də oğurluğa görə 34 il məhkumluq həyatı yaşayan Ağdam rayon sakini Bəhmən Məhərrəmov saxlanılıb.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı heyvanları Bərdə rayonundakı mal-heyvan bazarında satdığını bildirib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.