Şəki şəhərində 9 nəfər qida zəhərlənməsi diaqnozu ilə Mərkəzi Xəstəxanaya müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini deyiblər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb. Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi-ekspertiza təyin edilib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.