Fevralın 13-də Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan bildirilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin aralarında mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq hərəkətləri davam etdirilir.