Xəbər verdiyimiz kimi, Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.
Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:
"Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Şəbəkələrdə "Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.
Gununsesi.info saytı həmin şəxslə əlaqə saxlayıb.
O hadisə haqda deyib: "Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.
O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: "Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.
Qeyd edək ki, Sultan Dadaşovun Prezident Administrasiyasında işlədiyi deyilir.