Bakıda taksi sürücüsü ilə xanım sərnişinin mübahisəsini əks etdirən görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, videogörüntülər sosial şəbəkədə paylaşılıb və istifadəçilər arasında ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə aprelin 22-də Nizami rayonu ərazisində baş verib.
Mübahisə tərəfləri qarşılıqlı olaraq polisə müraciət ediblər.
Yanında azyaşlı övladı olan
L.Mustafayeva ilə avtomobilin yüksək sürətlə idarə edilməsinə görə iradından əsəbiləşən sürücü Ə.Mustafayev arasında mübahisə yaranıb. Müraciətlərə müvafiq polis bölməsində baxılmaqla, araşdırma aparılıb. Məlum olub ki, həmin xanım polis əməkdaşı deyil, jurnalist fəaliyyəti ilə məşğuldur.
Araşdırma zamanı hər iki tərəf izahat ərizələrində göstərdikləri xüsusatları təsdiq ediblər. Araşdırmanın gedişində tərəflər ərizə ilə təkrar müraciət edərək barışdıqlarını və şikayətlərinin olmadığını bildiriblər.