Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vətən müharibəsi iştirakçılarını aldadan polis həbs olundu

Vətən müharibəsi iştirakçılarını aldadan polis həbs olundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətverməyə təhrik əməllərində təqsirli bilinən polis əməkdaşına hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, sürücü-polis serjantı, 1984-cü il təvəllüdlü Tacəddin Hüseynov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 7 il 6 ay müddətə həbs cəzası verilib.

 

Araşdırmalar zamanı məlum olub ki, Tacəddin Hüseynov vəzifəsindən sui-istifadə edərək 2020-2021-ci illərdə çoxsaylı vətəndaşları aldadaraq onların külli miqdarda vəsaitini ələ keçirib. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciətlər daxil olduqdan sonra, ötən ilin sonunda “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin tələbinə uyğun olaraq xidmətdən xaric edilib və bir ay sonra – bu ilin yanvarında həbs edilib.

Məhkəmədə məlum olub ki, T. Hüseynov daxili işlər orqanlarında işləmək istəyən müxtəlif şəxslərə və onların yaxınlarına yalan vəd verərək 15 nəfərə yaxın şəxsin külli miqdarda pulunu ələ keçirib. O, həmçinin quldurluq əməlinə görə tutulmuş Orxan Həsənovun atasından oğlunu həbsdən buraxdıracağı vədi ilə 13 min manat alaraq mənimsəyib.

Zərərçəkənlər arasında bir neçə Vətən müharibəsi iştirakçısı da olub. Belə ki, Tacəddin Hüseynov polis orqanlarında işəgötürülmə prosesi zamanı müharibədə iştirak edilmiş şəxslərə üstünlük verildiyini bildirərək bir neçə müharibə iştirakçısını da aldadaraq pullarını alıb. O, vəd verdiyi şəxslərin Gəncə şəhər Baş Polis İdarəsinə, həmin idarənin İctimai Təhlükəsizlik İdarəsinin TŞ kameralarına nəzarət bölməsinə və sair yerlərdə serjant kimi işlə təmin ediləcəyini bildirib. Bir çox şəxsə isə özünü yalandan polis kapitanı kimi təqdim edərək Kadrlar Şöbəsinin rəisi olduğunu bildirib.

O da qeyd edilib ki, T. Hüseynov 2008-ci ildən daxili işlər orqanlarında çalışıb, 2017-ci ildən 2021-ci ilədək Gəncə şəhər BPİ-nin MSY-də, 2021-ci ilin mart ayından isə sonuncu vəzifəsində xidmət edib. O, məhkəmədəki ifadəsində törətdiyi əməlləri qismən etiraf edib və vətəndaşlardan ümumilikdə 38 min manat alaraq qaytarmadığını bildirib. Təqsirləndirilən şəxs ələ keçirdiyi pulları şəxsi ehtiyacına və övladının müalicəsinə xərclədiyini deyib.