Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 17-dən etibarən Azərbaycanın 4 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verəcəyini bildirib.
SHOWNEWS.AZ xəbər verir ki, “Geotermal” (Kürdəmir bölgəsi), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa istixana MMC” (Salyan rayonu), “Hacıqabul istixana MMC” (Hacıqabul bölgəsi) məhsullarını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Rusiyaya idxal edə biləcək.
Qurumdan verilən açıqlamada bu bölgələrdən gələn məhsullarda əvvəllər heç bir böcək zərərvericisinə rast gəlinmədiyi vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Xızı bölgəsindəki “Agroterm” MMC tərəfindən yetişdirilən pomidorların Rusiyaya tədarükünə icazə verilmişdi.
Dekabrın 10-dan etibarən “Rosselxoznadzor” məhsullarda dəfələrlə zərərli orqanizmlər - Cənubi Amerika pomidor güvəsi və şərq güvəsi aşkar edildikdən sonra Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan etmişdi.
Azərbaycan Rusiyaya əsas meyvə və tərəvəz tədarükçüsüdür. Ölkəmiz təzə və soyulmuş pomidor tədarükündə birinci yeri tutur.