Bu gün Heydər Əliyev Mərkəzində “Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində “Korkut Ata” III Türk Dünyası Film Festivalının mükafatlandırma və bağlanış mərasimi olub.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 8-də başlayan festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə əvvəlcə Türk dünyasının birliyini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev lll “Korkut Ata” Türk Dünyası Film Festivalı gücümüzün, birliyimizin, qardaşlığımızın bariz nümunəsi olduğunu deyib:
“Biz Azərbaycanda olduğumuz vaxt müqəddəs torpağın gücünü hiss edirik. Burada Xurşidbanu Natəvanın, Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Bülbülün ruhunu duyuruq”.
Sultan Raev kino sahəsinin on illər sonra da türk dünyası və xalqlarını bir araya gətirəcəyini və buna səmimi qəlbdən inandığını bildirib.
Daha sonra Xalq artisti Fəxrəddin Manafova TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən TÜRKSOY-un xüsusi mükafatı təqdim edilib.
Çıxış edən münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev filmləri qiymətləndirərkən çətinlik çəkdiklərini bildirib: “Hamısı bir-birindən gözəldir”.
“Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə” mükafatına Hocaqulu Narlıyev və Mayagözəl Aymedova, Serdar Gökhan, Metin Günay, Həmidə Ömərova, Firdevs Abdulxaliqov, Azamat Satıbaldı, Oktay Mirqasım, Orman Əliyev, Ağasi Məmmədli və Şəhriyar Seyidli layiq görülüblər.
Münsiflər heyətinin xüsusi mükafatları ilə isə Dosjan Janbotaev və Murat Pay təltif olunublar.
Əsas nominasiyalar üzrə qaliblər aşağıdakılardır:
“Ən yaxşı aktyor”
Ahmet Amandurdiyev (Türkmənistan)
“Ən yaxşı aktrisa”
Tahmina Rafaella (Azərbaycan)
“Ən yaxşı ssenari”
Abdulla Oripov (Özbəkistan)
“Ən yaxşı rejissor”
Asel Jurayeva (Qırğızıstan)
“Ən yaxşı sənədli film” - III mükafat
“Mənim dairəm” (Özbəkistan)
II mükafat
“Arqau” (Qazaxıstan)
I mükafat
“Sonuncu” (Azərbaycan)
“Ən yaxşı bədii film”
“Ulduz tozu” (rej. Ahmet Sönmez)
Ahmet Sönmezə mükafatı Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva təqdim edib.
Qeyd edək ki, IV “Korkut Ata” film festivalı Türkmənistanın Anev şəhərində keçiriləcək.
Hüseyn Məmmədsalahov
Fotolar: Pərvin Zeynal