Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yaralansa da, döyüşü üstün tutdu və haqq yolunda ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI FOTOLAR

Yaralansa da, döyüşü üstün tutdu və haqq yolunda ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI FOTOLAR

Qəhrəman şəhidlərimizin hər birinin maraqlı ömür yolu var. Bu ömür qısa olsa da, şərəfli və əbədidir. Vətən torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərən əsgərlərimizdən biri də Ağstafa rayonunun Köçəsgər kəndinin sakini, şəhid Mətləb Ələsgərovdur.

SHOWNEWS.AZ bildirir ki, Mətləb Ələsgərov Ağstafa rayonunun Köçəsgər kəndində doğulub, bu kənddə orta məktəbə gedib. Ali məktəbə yüksək balla qəbul olan Mətləb bakalavr təhsilini bitirdikdən sonra magistraturaya daxil olur. Lakin o, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanır, Füzuli istiqamətində döyüşlərə qatılır.

Atası Vüqar Ələsgərov deyir ki, Mətləb döyüşlərin birində əsgər yoldaşı ilə birgə yüngül yara alsa da, hərbi hospitala getmək istəməyib. Hərbçi yoldaşlarını tək qoymayaraq, döyüşməyi üstün tutub. Növbəti döyüşlərin birində, Füzuli uğrunda qəhrəmancasına şəhid olub.

Mətləbin əmisi də təxminən onunla eyni yaşda olarkən birinci Qarabağ müharibəsində şəhid olub. O, hər dəfə söz düşəndə düşməndən əmisinin intiqamını alacağını deyirmiş.

Nənəsi Şəriqə Ələsgərova Mətləbin çalışqan, vətənsevər bir nəvə olduğunu söyləyir: "Mətləb dediyindən dönməzdi. Hərbi xidmətə yola salanda dedim ki, oxuyub magistraturanı qurtarsaydın, toyunu edərdik. Dedi, əmimdən artıq deyiləm ki, əmim getdi şəhid oldu, mən də gedib torpağım uğrunda şəhid olacağam. Qayıtsam, təhsilimi də davam etdirəcəyəm...".

Mətləb dərd-sərini, problemlərini daha çox özündən böyük bacısı ilə bölüşərdi. Kiçik qardaşı da sevimlisi idi.

"Nişanlı idi. Bizimlə axırıncı dəfə sentyabrın 30-da danışdı. 10 gün keçdi, Mətləbin şəhid olduğu xəbəri gəldi", - deyə anası Vüsalə Ələsgərova bildirir.

Hər bir gənc kimi onun da arzuları vardı. Təhsilini bitirdikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdi. Lakin o, torpaqlarımızın azadlığını hər şeydən üstün tutdu və bu haqq yolunda da şəhidlik zirvəsinə yüksəldi.

Mətləb ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.