ABŞ və Yaponiya alimləri laboratoriya şəraitində funksional saç follikulları yetişdirməyə nail olublar.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, bu follikullar saçın təbii böyümə dövrlərini keçə bilir və gələcəkdə keçəlliyin müalicəsi üçün yeni üsulların yaradılmasına yol aça bilər.
Alimlər bildirirlər ki, uğurun əsas səbəbi üç müxtəlif hüceyrə növünün birlikdə istifadə edilməsidir. Əvvəllər məlum olan epitel hüceyrələri və dermal papilla hüceyrələrinə əlavə olaraq, bu dəfə köməkçi mezenximal hüceyrələr də tətbiq olunub. Bu hüceyrələr follikulun ətrafında struktur yaradır və onun düzgün formalaşmasına kömək edir.
Eksperimentlər hələlik siçanlar üzərində aparılıb. Bununla belə, əldə edilən nəticələr göstərir ki, gələcəkdə bu texnologiya insanlarda saçın yenidən bərpası üçün effektiv üsulların əsasını təşkil edə bilər.




