Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.
"Report"un əldə etdiyi məlumata görə, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.
2026-cı il iyunun 5-də CNN-nin dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.
Məqalədə, iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-nin sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.
Amma belə bir cavaba baxmayaraq materialda Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.
Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.
Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.
İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.
CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.
Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.
Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edildiyi məlumdur. Onun 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə anti-terror tədbirləri zamanı da dərc etdiyi məqalələrdə Azərbaycana qarşı qərəzli iddialar yayımlaması məlumdur.




