150-200 il əvvəl insanın meymundan əmələ gəlməsini iddia edən Darvin nəzəriyyəsi böyük populyarlıq qazanmışdı.
Lakin yeni arxeoloji kəşflər alimlərin Darvinin fərziyyələrinə də şübhə ilə yanaşmalarına ciddi əsaslar verdi.
Tarixdən qabaqkı insanların həyatının sirr pərdəsini açan 10 müdhiş arxeoloji tapıntını, alimlərin rəylərini icmalımızda təqdim edirik:
1. Ardi
Təqribən 4,4 milyon il əvvəl Efiopiyada yaşamış ardipithecus ramidus tayfaları məşhur qocaman hominidlərdir. Arxeoloqlar Ardi adlandırdıqları bir qadının skeletini tapmışlar. Sözügedən bu skelet kəllə sümüyü və dişlər də daxil olmaqla, 125 ayrı-ayrı hissələrdən ibarət idi.
Qədim qadının boyu cəmi 1,2 metr, çəkisi isə 50 kiloya yaxın idi. Onun bapbalaca beyni, çox uzun əl barmaqları və yastı dişləri var idi ki, bu da ardipiteklərin qida rasionunun bitkilərdən, meyvələrdən və xırda məməlilərdən ibarət olduğuna dəlalət edir.
Hələ insan olmayan Ardi artıq şimpanze deyil. Ardinin skeletinin tapılması insanların ibtidai şimpanzelərdən əmələ gəldiyini iddia edən nəzəriyyəni təkzib etdi. Ardinin skeleti Efiopiyanın Milli Muzeyində saxlanılır.
2. Lüsi
1974-cü ildə Efiopiyada aşkar edilmiş Lüsi, bəlkə də, insan əcdadının ən məşhur qalığıdır. Bu tapıntı insan təkamülü nəzəriyyəsində əsl inqilab oldu. 1974-cü ilə qədər antropoloq-alimlər insan dərrakəsinin iki ayaq üstə yerimək qabiliyyətindən əvvəl yarandığını zənn edirdilər, Lüsi isə bunun əksini sübut etdi.
3,2 milyon yaşı tamam olmuş Lüsi insan əcdadnın məşhur ulu skeleti idi (2009-cu ildə Ardi aşkar edilənə qədər). Lüsinin xırda beyni, uzun əlləri, gödək ayaqları və böyük qarnı var imiş. Boyu cəmi 1 metr, cəkisi isə 27 kiloya yaxın idi. Lüsinin omba və diz sümüklərinin strukturu onun iki ayağı üzərində yeridiyini göstərmişdi. Onun qalıqları Efiopiyanın Milli Muzeyinin xüsusi bir otağında saxlanılır.
3. X-qadın
Adının Marvell komikslərinin qəhrəmanlarının adına bənzədiyinə baxmayaraq, X-qadın heç də uydurma deyil. X-qadın təqribən 40 000 il bundan əvvəl Sibirdə yaşamışdır. Skeletindən yalnız balaca uşağın çeçələ barmağının aşkar edildiyi səbəbindən, onu "qadın" adlandırmaq o qədər də doğru olmazdı. Bununla belə, X-qadın yeni, əvvəllər məlum olmayan bir insan növüdür ki, bu da yalnız DNT analizindən sonra məlum olmuşdu.
Əvvəllər alimlər düzyeriyən insanın təqribən iki milyon il öncə Afrikanı tərk etdiyini hesab edirdilər, lakin növbəti 1,5 milyon il ərzində baş verənlərə dair heç bir məlumat yox idi. X-qadının əcdadları, böyük ehtimalla, bir milyon il öncə Afrikanı tərk edibmiş. Onun sümüklərindən götürülmüş DNT neandertal adamın və ya müasir insanın DNT-sindən fərqlənir ki, bu da üçüncü növun mövcudluğuna dəlalət edir.
4. Kürən ledi
Kürən ledi İspaniyanın şimalındakı El-Miron mağarasında aşkar edilmişdi. O, təqribən 18700 il əvvəl, axırıncı Buzlaq dövrünün sonlarında yaşamışdır. Sümükləri qırmızı piqmentə boyanmış olduğu səbəbindən, ona "Kürən qadın" adı verilmişdi. Piqmentin kimyəvi analizi onun həmin ərazidə götürülməsinin mümkünlüyünü inkar etmişdi ki, bu da hansısa bir qədim ticarət formasının olduğunun ehtimalıdır. Piqment ya müəyyən bir ayinin tərkib hissəsidir, yaxud da konservant kimi istifadə olunmuşdu.
5. Hobbit
2003-cü ildə arxeoloqlar İndoneziyanın Flores adasında cırtdan-insanlar növünü aşkar etmişdi. 18000 yaşı olan "hobbit" qadın müasir insanın qalan dünyanı müstəmləkələşdirdiyi dövrdə yaşamışdı.
Flores insanının boyu cəmi 1 metr idi və bu insan növü bioloji baxımdan müasir insanlarla sıx əlaqədar ola bilər. Bu ixtira əvvəllər Homo Sapiyensin on min illiklər öncə bütün digər insanları sıxışdırdığını hesab edən alimləri heyrətə gətirmişdi. Görünür, bu fərziyyə yanlış imiş. Flores insanının beyni qreypfrut boyda idi ki, bu da insanlardan daha çox, bugünkü şimpanzelərin beyninə daha uyğun ölçü sayılır. Bununla belə, Flores insanı ocaq qalamağı, daş alətlər düzəltməyi və qrup şəklində quş ovlamağı bacarırdı.
6. Arlinqton-Sprinq. Kişi, yoxsa qadın?
1959-cu ildə Kaliforniyanın Santa-Roza adasında "Arlinqton-Sprinqsli oğlan" adlandırılmış qədim bir skelet tapıldı. Onun təqribən 10 minə yaxın yaşı var. Bir neçə il keçdikdən sonra sümüklərinin qadın sümükləri kimi müəyyən olunduğu səbəbindən, "Arlinqton-Sprinqsli oğlan" dəyişib "Arlinqton-Sprinqsli qız" oldu.
Müasir texnologiyalar bu tapıntının 13 min il əvvəlki dövrə aid olunduğunu müəyyən etmişdi ki, bu da onların həmin vaxt Amerikada aşkar edilmiş ulu insan qalıqları olduğuna dəlalət edir. 2006-cı ildə bu tapıntının 40 il əvvəl qadın olduğunu müəyyən etmiş alimlər yanıldıqlarını və sümüklərin 70%-lik ehtimalla kişi cinsinə məxsus olduğunu bəyan etdikləri üçün, qız yenidən oğlan oldu.
7. Minnesotalı qadın
8 000 il yaşı olan "Minnesotalı qadın"ın qalıqları 1931-ci ildə Minnesota ştatında, Pelikan Repids yaxınlığına yeni yolun inşa edildiyi zaman aşkar edilmişdi. Bu, 16 yaşlı bir qızın skeleti idi. Onun üzərində, böyük ehtimalla, ov aləti kimi istifadə olunan sığın buynuzundan düzəldilmiş xəncər var idi. Həmçinin, skeletin yanında mollyusk çanağından düzəldilmiş və bəlkə də tilsim rolunu oynayan bir kulon tapılmışdı. Sonralar bu mollyusk növünün yalnız Florida sularında yaşadığı məlum olmuşdu.
8. Ana
7700 yaşı olan ananın skeleti 1997-ci ildə Sibirdə aşkar edilmişdi. Əlində sıxıb saxladığı xırda sümüklərə kimi ideal şəkildə qalmış bu skelet doğuş zamanı ölən qadının ən erkən nümunəsi kimi tanınmağa başladı. Sibir skeletinin bətnində iki körpənin sümükləri aşkar edilmişdi. Sibir şəhəri olan İrkutsk ətrafında artıq 100-ə yaxın qəbir aşkar edilmişdi ki, bu da həmin regionda əvvəllər zənn edildiyindən daha çox inkişaf etmiş bir mədəniyyətin mövcudluğuna dəlalət edir. Qəbirlərin böyük qisminin şəhər ərazisində yerləşməsi, təəssüf ki, qazıntı işlərini çətinləşdirir.
9. Taua
Karib adalarında məskunlaşmış bir tayfaya məxsus Taua qadını təqribən 1000 il əvvəl Vest-Hindin Nevis adlı adasının qərb sahilində həlak olub. Onun demək olar ki, toxunulmamış skeleti 2011-ci ildə Ağ körfəz yanındakı bir çimərlikdə aşkar edilmişdi.
Karib hövzəsinin həmin dövrünə aid məlumatları azsaylı, ziddiyyətli və müxtəlifdir ki, bu da belə bir ixtiranın region tarixçilərinin böyük diqqətinə səbəb olduğunu göstərir. Tauanın bir neçə dişi yox idi. Alimlər bu qadının qida rasionunda şəkərin (bəlkə də qarğıdalının) çox olduğu qənaətinə gəlmişlər.
10. Penon qadın
Axırıncı Buzlaq dövründə yaşamış Penon qadın təqribən 13 000 min il öncə, 26 yaşında dünyasını dəyişmişdir. Onun skeleti hazırda Mexikonun şəhərətrafı qəsəbələrindən birinin tərkib hissəsi olan nəhəng, tarixdənöncəki bir gölün qırağında aşkar edilib.
Demək olar ki, bütöv bir skelet 1959-cu ildə aşkar edilib və o vaxtlar bu tapıntının yaşının 5 min ildən artıq olmadığı hesab edilirdi. Onun həqiqi yaşı yalnız 2002-ci ildə müəyyən edilmişdi. Maraqlıdır ki, Penonun uzun və ensiz kəllə sümüyü müasir hindilərin kəllə sümüyünə bənzəmir. Arxeoloqlar bu qadının Amerikaya, böyük ehtimalla, Sakit okeandan qayıqla gəlib çıxdığı fərziyyəsini irəli sürmüşlər.
Digər bir fərziyyəyə əsasən, Penon qadın və Kennevik kişi (onun yanında aşkarlanan kişi skeleti) bu və ya digər şəkildə Atlantikanı yarıb keçən erkən avropalılar qrupuna aiddir. Lakin 2014-cü ildə, arxeoloqlar Meksika mağarasında Naya kimi tanınmış və təqribən 13 000-ə yaxın yaşı olan daha bir qadın skeleti aşkar etdikdən sonra, bu nəzəriyyə şübhə doğurmağa başladı. Nayanın da üzünün strukturu Penon qadınının üz strukturu kimi qeyri-adi idi.
Milli.Az